EN

Hemilton titul uğrunda mübarizə apara biləcəyinə əmindi

“Ferrari”nin pilotu Lüis Hemilton mövsümöncəsi test yarışlarında “təvazökar” nəticələrə rəğmən, komandanın 2026 mövsümündə titul uğrunda mübarizə aparacağını əminliyini ifadə edib.

"Football-plus.az" xəbər verir ki, britaniyalı pilotun fikrincə, indidən hansısa nəticə çıxarmağa dəyməz:

“Test az şey göstərdi. Hər şey çəndəki yanacağın həcmi arxasında gizləndi. “Mersedes”dən Toto Volff və “Maklaren”dən Zak Braun ilə danışdım ki, onların nəyi üzə çıxardığını aydınlaşdırım, ancaq heç bir nəticə ala bilmədim”.

Yeddiqat dünya çempionunun fikrincə, ötən mövsümün təcrübəsi komandanı möhkəmləndirib:

“Ötən il yaşadıqlarımızdan sonra istənilən vəziyyətin öhdəsindən gəlməyə qadirik. Bu komandanın qələbə qazanmaq üçün hər şeyi var: fanatlarımızla birgə bu işi bitirmək lazımdı. Nəyisə etmədən danışmaq asandı. Ancaq mən qələbəyə inandığıma görə “Ferrari”yə gəlmişəm. Və hələ də inanıram”.

“Ferrari” ötən il 398 xal toplamaqla Mühəndislər kubokunda 4-cü yeri tutdu. Şarl Lekler 242 xalla şəxsi hesabda 5-ci, Hemilton isə 156 xalla 6-cı oldu.
“Formula-1” üzrə dünya çempionatında yeni mövsüm həftəsonu Avstraliyada start götürəcək. Bu arada Yaxın Şərqi bürüyən müharibə alovu DÇ-yə də təsir göstərə bilər. “Formula-1”in rəhbərliyi qarşıdakı həftələrdə aprelə planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin keçirilib-keçirilməməsinə qərar verəcək.

“The Telegraph”ın yaydığı xəbərə görə, Yaxın Şərqdəki münaqişə üzündən hər iki mərhələnin hətta ləğv olunmaq variantı da var. Bəhreyn DÇ-nin mərhələsinin aprelin 10-12-si, Səudiyyə Ərəbistanı isə 17-19-u aralığında qəbul etməlidi. Hazırda bu ölkələrin hava məkanı bağlıdı, aviaşirkətlər kütləvi şəkildə reysləri ləğv edir.

DÇ-ni təşkil edən qurum martın 27-29-u aralığında keçiriləcək Yaponiya mərhələsinin sonuna qədər qəti vərar verməlidi. Ayın sonuna qədər Yaxın Şərqdə münaqişə dayanmasa, Ərəbistan yarımadasında keçiriləcək mərhələlərdən imtina olunacaq.

“The Telegraph” onu da xəbər verir ki, yuxarıda adı çəkilən iki ölkənin başqa variantlarla əvəz olunması da gözdən keçirilir. Qısa siyahıda İstanbul, Portiman və İmola avtodromlarının adı var. Bunlar hamısı son illərdə yarış keçirmək təcrübəsinə və lazımi infrastruktura malikdi.

Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri üçün layiqli əvəzedici tapılmasa, “Formula-1” təqvimi qısaldıla da bilər. Belədə 2026 mövsümü əvvəlcədən planlaşdırıldığı kimi 24 yox, 22 mərhələdən ibarət olacaq. Bu variant logistik və təşkilati xərclərə qənaət etməyə də imkan verəcək.
Chosen
28
1
football-plus.az

2Sources