EN

BMT nin iclasında qadınların zorakılıqdan müdafiəsi ilə bağlı Azərbaycanın təcrübəsi paylaşılıb

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanda qadınların zorakılıqdan müdafiəsi və ədalətə çıxışının gücləndirilməsi istiqamətində hüquqi və institusional mexanizmlər təkmilləşdirilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin təşəbbüsü və Azərbaycanın həmtəşkilatçılığı ilə BMT-nin Baş Qərargahında BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində təşkilatın İqtisadi və Sosial Şurasında (ECOSOC) keçirilən yan tədbirdə çıxışında deyib.

B.Muradova qadınların ədalətə çıxış imkanlarının texnoloji vasitələrlə genişləndirilməsinin beynəlxalq səviyyədə müzakirəsinin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Komitə sədri bildirib ki, hüququn mövcudluğu ilə yanaşı, ona real çıxışın təmin olunması vacibdir. Onun sözlərinə görə, ədalətə çıxış artıq yalnız hüquqi mexanizm deyil, eyni zamanda, inkişafın, təhlükəsizliyin və insan hüquqlarının əsas şərtlərindən biridir.

B.Muradova vurğulayıb ki, bu məsələ BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa bağlıdır. Komitə sədri xüsusilə gender bərabərliyini nəzərdə tutan 5-ci məqsəd və sülh, ədalət və güclü institutları hədəfləyən 16-cı məqsədin bir-birini tamamladığını diqqətə çatdırıb.

O qeyd edib ki, rəqəmsal transformasiya ədalət sistemlərinə yeni imkanlar açır. Elektron müraciət sistemləri, onlayn hüquqi məlumat bazaları və rəqəmsal monitorinq mexanizmləri qadınların müdafiə imkanlarını genişləndirərək hüquqi prosedurların daha operativ həyata keçirilməsinə şərait yaradır.

B.Muradovanın sözlərinə görə, Azərbaycanda qadınların zorakılıqdan müdafiəsi və ədalətə çıxışının gücləndirilməsi istiqamətində hüquqi və institusional mexanizmlər təkmilləşdirilib, qanunvericilik beynəlxalq öhdəliklərə uyğunlaşdırılıb, mühafizə orderləri və sosial dəstək mexanizmləri genişləndirilib. Eyni zamanda, elektron hökumət platformaları hüquqi məlumatlara çıxışı asanlaşdırıb və müraciət imkanlarını daha əlçatan edib.

Komitə sədri qeyd edib ki, rəqəmsal ədalət əlçatanlıq, təhlükəsizlik və məxfilik, eləcə də insan mərkəzli yanaşma prinsiplərinə əsaslanmalıdır. O əlavə edib ki, süni intellekt və avtomatlaşdırılmış sistemlər hüquqi proseslərin bir hissəsinə çevrildiyi üçün bu sahədə gender həssaslığının və qərəzsizliyin qorunması vacibdir. Əks halda, alqoritmik qərəz mövcud bərabərsizlikləri daha da dərinləşdirə bilər.

B.Muradova çıxışında onu da vurğulayıb ki, ədalətin gələcəyi texniki baxımdan rəqəmsal olsa da, mahiyyət etibarilə etik prinsiplərə və insan hüquqlarına əsaslanmalıdır. Onun sözlərinə görə, texnologiyalar inklüziv olmalı və yeni rəqəmsal uçurum yaratmamalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
73
3
oxu.az

4Sources