EN

“Ölüm, atəş və qəzəb yağacaq” – Trampdan sərt xəbərdarlıq

ABŞ-İran qarşıdurmasının fonunda ritorik müharibə daha da kəskinləşib. ABŞ prezidenti Donald Trump İranı Hörmüz boğazında neft daşımalarına müdaxilə edəcəyi halda görünməmiş zərbə ilə hədələyib. Tehrandan isə sərt və istehzalı cavab gəlib. ABŞ prezidenti Donald Trump sosial media platformasında paylaşdığı mesajda bildirib ki, əgər Hörmüz vasitəsilə dünya bazarına çıxan neft axınını dayandırmağa cəhd etsə, Vaşinqtonun cavabı son dərəcə ağır olacaq. Tramp yazıb ki, belə bir addım atılacağı halda İran indiyədək aldığı zərbələrdən “iyirmi dəfə daha güclü” zərbə ilə qarşılaşacaq.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton İranın “asan hədəflərini” məhv etməyə qadirdir və bu, ölkənin bir millət kimi yenidən bərpasını faktiki olaraq qeyri-mümkün edə bilər. “Əgər İran Hörmüz boğazında neft axınını dayandıracaq bir şey etsə, onlar ABŞ tərəfindən indiyədək aldıqları zərbələrdən iyirmi dəfə güclü zərbə alacaqlar. Onların üzərinə ölüm, atəş və qəzəb yağacaq. Amma ümid edir və dua edirəm ki, bu baş verməsin”, – deyə Tramp bildirib. O həmçinin vurğulayıb ki, bu mesaj xüsusilə Hörmüz boğazından enerji təchizatından asılı olan ölkələr – o cümlədən Çin və digər dövlətlər üçün təhlükəsizlik mesajıdır.

Trampın sərt bəyanatından bir neçə saat sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sosial şəbəkə platforması X-də ABŞ prezidentinə cavab verib.

Laricani bildirib ki, “Aşura ruhu ilə yaşayan İran xalqı” ABŞ prezidentinin təhdidlərindən qorxmur.
“İran xalqı sizin boş təhdidlərinizdən qorxmur. Sizdən daha güclü olanlar onu məhv edə bilməyiblər. Buna görə də diqqətli olun ki, özünüz itməyəsiniz”, – deyə o yazıb.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
36
musavat.com

1Sources