EN

“İran rejiminin qarşısında sayılı günlər qalıb...” “Münasibətlərin inkişafı İranın davranışlarından asılıdır”

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

SEPAH nümayəndələrinin açıqlamalarından sonra İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də Azərbaycanla bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı təhlükə yaranarsa, Tehran buna cavab verməkdən çəkinməyəcək. Halbuki rəsmi Bakı dəfələrlə ölkə ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmasına icazə verilməyəcəyini bəyan edib. Buna baxmayaraq, Tehranın bu cür ritorika nümayiş etdirməsi müxtəlif suallar doğurur.

İran rəsmilərinin bu cür açıqlamalarını regiondakı gərginlik kontekstində necə qiymətləndirmək olar? Belə açıqlamalar Azərbaycan–İran münasibətlərinin gələcək inkişafına və regional təhlükəsizlik balansına hansı təsirləri göstərə bilər?

Politoloq Natiq Miri mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında bildirib ki, bu cür bəyanatlar Azərbaycana, eləcə də türk etnosuna və türk dövlətlərinə qarşı düşmən münasibətin göstəricisidir.

Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian məsələlərə fərqli müstəvidən yanaşır. Azərbaycan Prezidentinə etdiyi telefon zəngi də dolayısı ilə üzrxahlıq kimi qiymətləndirilə bilər və bu addım İranın Azərbaycan və Türkiyə ilə münasibətlərin gərginləşməsində maraqlı olmadığını göstərir.

“Əslində İran üçün nə Azərbaycandan, nə də Türkiyədən real təhlükə mövcuddur və bunu rəsmi Tehran da anlayır. Buna baxmayaraq, bəzi dairələr hələ də Azərbaycana qarşı sərt və düşmən ritorikadan istifadə edirlər. Halbuki Azərbaycanda nə İsrailin, nə ABŞ-nin, nə də hər hansı üçüncü dövlətin hərbi bazası mövcuddur. Bu baxımdan Azərbaycandan İrana qarşı təhlükə iddialarının heç bir real əsası yoxdur.

İran Prezidenti türk əsilli olduğu üçün məsələlərə daha praqmatik yanaşır. O anlayır ki, ətrafdakı bütün dövlətlərlə düşmən münasibətdə olmaq İranın maraqlarına uyğun deyil və belə bir siyasət əksinə, ölkədəki rejimin daha sürətli zəifləməsinə gətirib çıxara bilər”.

Politoloq əlavə edib ki, hazırda İranın körfəz ölkələri ilə gərgin münasibətləri davam edir və bu vəziyyət nəticəsində həmin ölkələr tədricən İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyə başlayıblar: “Elə İsrail və ABŞ-nin də istədiyi məhz belə bir ssenaridir və İran daxilində, xüsusilə SEPAH kimi strukturların siyasəti bu vəziyyətin yaranmasına səbəb olur”.

İran-Azərbaycan münasibətlərinə toxunan Natiq Miri xatırladıb ki, Naxçıvan istiqamətində dron hücumu Azərbaycan Prezidentinin ciddi narazılığına səbəb olub.

“Azərbaycanın İrana qarşı münasibəti fonunda Tehranın belə addımlar atması və düşmən mövqeyi nümayiş etdirməsi qəbuledilməzdir. Pezeşkianın Azərbaycan Prezidentinə zəng edərək üzrxahlıq etməsindən sonra sərhəddə vəziyyət nisbətən normallaşıb və ticarət maşınlarının hərəkəti bərpa olunub.

Ona görə də İran-Azərbaycan münasibətlərinin gələcək inkişafı əsasən İranın mövcud siyasi rejiminin davranışından asılı olacaq. Lakin hesab edirəm ki, İran rejiminin ömrü artıq uzun deyil və onun qarşısında sayılı günlər qalıb”.

Oğuz Ayvaz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
67
50
azpolitika.info

10Sources