EN

Təklifləri başından aşan hücumçu danışdı: “Mən öz işimi görürəm”

“Qəbələ” Premyer Liqada qalmaq uğrunda mübarizə aparsa da, bəzi futbolçulara maraq var.

Siyahının başında Prins Ovusu dayanır.

20 yaşı olmasına baxmayaraq, bölgə təmsilçisinin əsas fiqurlarından birinə çevrilməyi bacaran qanalı hücumçu adından söz etdirməkdədir.

Sürəti, texnikası, bitiricilik qabiliyyəti ilə “Qəbələ”yə az fayda verməyən gənc forvardı saxlamaq çətin görünür.

Onunla həm ölkə daxilindən, həm də xaricindən kifayət qədər marağın olduğunu deməliyik. Bəzi klublar və menecerlər izləmə prosesinə çoxdan başlayıb.

Maraqlıdır, Prins özü bu barədə nə düşünür? Karyerasında ilk peşəkar klub olan “Qəbələ”ni yayda tərk etmək perspektivi nə dərəcədə real görünür?

Səbəbkar Sportinfo.az-ın suallarına qısa cavabla kifayətlənib:

“Qəbələ”ylə müqaviləmin müddəti 2027-ci ilin yayına qədərdir. Burada olduğum müddətdə bütün fikrimi komandamın uğurlu çıxışına yönəltmişəm.

Təkliflər barədə qətiyyən düşünmürəm. Çünki bu dəqiqə çempionatın ən gərgin vaxtıdır. Üstəlik, “Qəbələ”də özümü xoşbəxt hiss edirəm.

Nə vaxtsa rəsmi təklif olsa, bu barədə “Qəbələ” ilə danışmalı olacaqlar. Mən öz işimi görürəm”

Ovusu “qırmızı-qaralar”ın heyətində Premyer Liqada 20 oyunun iştirakçısı olmaqla 4 qol və 1 assistlə yadda qalıbsa, Azərbaycan kubokunda4 matçda 3 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB

Chosen
20
sportinfo.az

1Sources