EN

Con Consdan UFC-yə sərt ultimatum: “Müqaviləmi ləğv edin!”

Ağır çəkidə UFC çempionu Con Cons sosial şəbəkə hesabında təşkilatın prezidenti Dana Uaytın son açıqlamalarına cavab olaraq geniş paylaşım edib. Cons, Ağ Evdə keçirilməsi planlaşdırılan turnirdə iştirakı ilə bağlı aparılan danışıqların detallarını açıqlayıb və UFC-dən azad olunmasını tələb edib.

İdman.Biz xəbər verir ki, döyüşçü tərəflər arasında razılığın əldə olunmamasının səbəbini maliyyə şərtləri ilə əlaqələndirib.

Cons turnirdə iştirak etmək üçün ilkin istədiyi məbləğdən geri çəkilsə də, UFC-nin ona daha aşağı qonorar təklif etdiyini bildirib:

“Dana, sən mənim Ağ Ev kartında olmadığıma görə narazı idin, amma gəl bəzi şeyləri dəqiqləşdirək. Mən və komandam bu döyüşlə bağlı UFC ilə real danışıqlar aparırdıq. Hətta mən ilkin istədiyim qonorardan geri çəkildim, bəs əvəzində mənə nə təklif olundu? Daha az məbləğ”.

Döyüşçü bud-çanaq oynağındakı artrit probleminin çıxışına mane olmadığını, hətta döyüşə hazırlaşmaq üçün xüsusi müalicə aldığını qeyd edib:

“Bəli, məndə artrit var və bu ağrılıdır, amma o demək deyil ki, döyüşə bilmərəm. Mən hətta keçən həftə hazırlaşmaq üçün kök hüceyrə müalicəsi aldım. Bu gün məşqlərim başlamalı idi. Anlayıram ki, bəzən razılaşmalar baş tutmur, lakin ictimaiyyətə yalan danışmaq düzgün deyil”.

UFC-yə verdiyi illərin qarşılığında rəhbərliyin onun haqqında “karyerası bitib” tərzində düşünməsindən məyus olduğunu deyən Cons, təşkilatdan ayrılmaq istədiyini vurğulayıb:

“Əgər UFC həqiqətən mənim bitdiyimi düşünürsə, hörmətlə xahiş edirəm ki, bu gün müqaviləmi ləğv edin. Daha heç bir intriqa, heç bir oyun istəmirəm”.

Qeyd edək ki, daha əvvəl Dana Uayt UFC-nin Con Consu Ağ Ev turniri üçün variant kimi nəzərdən keçirmədiyini iddia etmişdi.

İdman.Biz
Chosen
49
1
idman.biz

2Sources