EN

Azərbaycan kibertəhlükəsizlik sahəsində qlobal hüquqi mexanizmlərin formalaşmasına töhfə verir – Ekspert

Bakı, 10 mart, AZƏRTAC

BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının yekun layihəsinin hazırlanması prosesində Azərbaycanın fəal iştirakı ölkənin qlobal kibertəhlükəsizlik gündəliyində aktiv mövqe tutduğunu göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Techstars” vençur şirkətinin mentoru Cəmil Hüseynzadə bildirib.

Cəmil Hüseynzadə qeyd edib ki, bu təşəbbüs Azərbaycanın beynəlxalq hüquqi mexanizmlərin formalaşmasına töhfə verdiyini göstərən mühüm və strateji addım kimi qiymətləndirilə bilər. “Müasir dövrdə cinayətlərin əhəmiyyətli hissəsi artıq rəqəmsal mühitdə baş verir və çox vaxt bu hücumlar müxtəlif ölkələrdən həyata keçirilir. Bu baxımdan kibercinayətkarlıqla mübarizə yalnız milli səviyyədə deyil, dövlətlərarası əməkdaşlıq çərçivəsində aparılmalıdır. Kibercinayətkarlığa qarşı Konvensiyanın əsas məqsədlərindən biri də məhz ölkələr arasında hüquqi əməkdaşlığın gücləndirilməsidir”, - deyə ekspert bildirib.

C.Hüseynzadə vurğulayıb ki, rəqəmsal sübutların toplanması qaydalarının müəyyənləşdirilməsi, hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsi və operativ əlaqə mexanizmlərinin yaradılması araşdırma və istintaq proseslərinin daha effektiv aparılmasına imkan verəcək.

Ekspert qeyd edib ki, Azərbaycanda Konvensiyanın ratifikasiyası və bu istiqamətdə yeni qanunun qəbul edilməsi kibertəhlükəsizlik sahəsinin dövlət üçün prioritet istiqamətlərdən biri olduğunu göstərir. Bu addımlar beynəlxalq əməkdaşlığın genişlənməsinə və kibercinayətlərlə mübarizədə daha operativ və koordinasiyalı fəaliyyətin təmin olunmasına xidmət edəcək.

C.Hüseynzadə əlavə edib ki, belə konvensiyalar praktik baxımdan da mühüm imkanlar yaradır. Onun sözlərinə görə, rəqəmsal sübutların qorunması, log məlumatlarının saxlanılması, IP ünvanlarının izlənməsi, server məlumatlarının beynəlxalq hüquqi mexanizmlər vasitəsilə əldə edilməsi və “24/7” əlaqə mərkəzləri vasitəsilə operativ məlumat mübadiləsi kibercinayətlərin araşdırılmasını əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

Ekspertin fikrincə, bu mexanizmlər müxtəlif ölkələrdə yerləşən infrastruktur üzərindən həyata keçirilən hücumların izinin daha tez müəyyən olunmasına və onların qarşısının alınmasına imkan yaradır.

Chosen
60
1
azertag.az

2Sources