AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, qurum I Liqanın XVII turunda yaşanan qayda pozuntularını müzakirə edərək ölçü götürüb.
"Şəfa" və "Şahdağ Qusar" arasında keçirilən oyunda bölgə Qusar təmsilçisi ümumilikdə 6510 manat, paytaxt komandası isə 210 manat məbləğində cərimələnib.
"Şahdağ Qusar"ın həkimi Müşfiq Hümmətli ilə məşqçi Babək Allahverdiyev hakimi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə aldıqları üçün klub 6000 manat, 5 futbolçusu sarı vərəqə aldığı üçün 210 manat, icraçı direktor Mirzə Bayramov isə "A buraxılışı" akkreditasiyası olmadan Zona 1-ə daxil olduğu üçün 300 manat ziyana düşüb.
"Şəfa" isə 5 futbolçusu sarı vərəqə aldığı üçün 210 manat məbləğində cərimə ödəyəcək.
“Baku Sportinq” – “Mingəçevir” oyununda qonaqlar sarı vərəqələrin çoxluğuna görə 210 manat cərimələnib. Bundan başqa, oyunun fasiləsində "Mingəçevir" azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadəyə görə bölgə təmsilçisi 900 manat ziyana düşüb.
Daha bir oyunda - “Cəbrayıl” – “Səbail” qarşılaşmasında meydan sahibi komandanın 6 üzvü sarı vərəqə alıb ki, bu da 210 manat cərimə deməkdir.