EN

Leandro Andrade 40-a çatdı, 70-ci oldu – ARENA.AZ

Kabo Verde yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun yubiley qolu 127-ci oyununa təsadüf edib.

O, Azərbaycan Premyer Liqasının 23-cü turunun “Araz-Naxçıvan”la görüşündə (6:0) dubl müəllifi olub. Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə o, Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb.

Premyer Liqada 2021/2022-ci illər mövsümündə debüt etmiş və yalnız “Qarabağ”ın uğurları üçün çalışmış Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb. Yarımmüdafiəçi 41 qol vurmuş Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomes, Baqali Daboya şərik çıxıb.

Xatırladaq ki, Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

Leo Ağdam klubunun heyətində bütövlükdə 201 oyun keçirib. O, bu oyunlarda 56 qola imza atıb, 58 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində 4 dəfə (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.

Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 7 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
82
15
arena.az

10Sources