EN

Yel çərşənbəsi: yaradıcı və dağıdıcı gücün mifoloji vəhdəti

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 mart, AZƏRTAC

Yel yaradılış ünsürü kimi əski təsəvvürlərdə kult səviyyəsində müqəddəs tutulur, hətta Tanrı kimi düşünülürdü. İlaxır çərşənbələrin üçüncüsü (bəzənsə sonuncusu) kimi qəbul edilən Yel çərşənbəsi Yelin yaradıcı (və eyni zamanda dağıdıcı) gücünə olan böyük inamı özündə təcəssüm etdirir. El arasında mövcud olan Ağ yel, Qara yel ifadələri də dialektika qanunlarına müvafiq olaraq yelin təbiətindəki fərqliliyi – dağıdıcı və yaradıcı gücü özündə təcəssüm etdirməsi inancları ilə səsləşir. Elə Yel çərşənbəsinə xas ayinlərdə də Yel tanrısının ruhu əzizlənir, Yel baba çağırışı ilə ona ricalar edilir, onu rəhmə gətirmək və insanlara, külli-aləmə qarşı yelin yaradıcı gücünü səfərbər edib yönləndirməsi ilə bağlı çağırışlar edilir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində filologiya elmləri doktoru, dosent Şakir Albalıyev söyləyib. Onun fikrincə, Yel babaya sosial düzəndəki ədalətsizliyə görə şikayət edilir: “Bu da bir daha təsdiq edir ki, insanlar əziz gündə – Yel çərşənbəsində olduğu kimi, digər vaxtlarda da Yel babadan kömək istəmiş, dərdlərinə əlac qılmalarına inanmışlar. Başqa cür desək, üstlərindən qara yel əsən insanlar yaman duruma düşmüş, elləri-yurdları talan edilmiş, viran olmuşdur. Buna görə də Yel babaya iltimas yolu ilə qara yeli üstlərindən bir daha əsdirməməyi, şəri-bəlanı başları üstündən götürməyi arzulayırlar. Yəni insanlarda Yelin dağıdıcı gücündən xilas olmaq və yaradıcı gücündən yararlanmaqla ağ günə – xoşbəxtliyə yetişmək arzusu Yel çərşənbəsinin əsas missiyasıdır”.

Müsahibimiz bildirib ki, “Kürdoğlu” adlı inanclar mətnində də insanların yel ruhunun xeyirxahlığı müqabilində qarının oğlunun tufandan sağ çıxması inamı əks olunub: “Qışda Böyük çillədən 4 gün qalanda və Kiçik çillənin əvvəl 4 günlüyünü xeyirli günlər sayırdılar. O səkkiz günün içində Allah-təalanın icazəsi ilə yerə gizli nəfəs gəlir və yer bala-bala buğlanır, qar əriyir. Böyük çillədən 10 gün qalan günlərə “Kürdoğlu” deyirlər. Bu günlərdə havada külək olur.

Kürdoğlu günləri və adı barədə bir rəvayət var. Deyirlər, bir Kürdoğlu varmış. Anası onu evləndirmək istəyir. Şama qonaq çağırır və oğlundan istəyir ki, getsin qonşu kənddən qazan gətirsin. Oğlan gedir, qazanı alır və evlərinə sarı yollanır. Yolda külək başlayır. Kürdoğlu görür ki, külək tezliklə kəsilən deyil. Yerə əyləşir və qazanı başına çevirir. Səhərə kimi bu halətdə qalır. Səhər adamlar dalınca gedir. Yerə baxa-baxa gedirmişlər ki, onun ölüsünü tapsınlar. Görürlər ki, bir yerdə qaraltı görsənir. Yaxınlaşıb görürlər ki, Kürdoğlunun nəfəsindən qazanın həndəvəri bir az ərgindir. Yol açır və onu diri görürlər. Sonra anasına muştuluq aparırlar. Anası deyir ki, mən saçımı suya salmışdım, amma saçım donmamışdı. Mən bundan bildim ki, oğlum üçün bir xətər yoxdur. Əgər donsa idi, xətərli ola bilərdi. Sonra da oğluna toy tuturlar. Ona görə də bu günləri Kürdoğlu günləri adlandırırlar”.

O qeyd edib ki, burada qışın şaxtalı nəfəsi olan yel ruhu qarının oğlunu donmağa qoymur. “Allah-təalanın icazəsi ilə yerə gələn gizli nəfəs” – yəni xeyirxah yel ruhu gənci donmaqdan xilas edir və sonra da oğlana toy edirlər – bununla da gənc evlilik statusundan yeni bir həyat mərhələsinə adlayıb dirilik tapır. Bu mifoloji rəvayət bir daha yelin dondurucu-dağıdıcı gücü ilə yanaşı, dirilik gücü sahibi olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, xalqımız tərəfindən yelin bu ikili xassəsi ilə bağlı bayatılarla yanaşı, ağı nümunələri də düzülüb-qoşulub.

Yel əsər, toz qoparar,

Ağacdan qoz qoparar.

Yellə gələn bəlanı

Yel özü də aparar, –

tipli bayatı nümunəsində yelin ikili təbiəti birbaşa ifadə olunur: “yellə gələn bəla” – yelin dağıdıcı sifətini göstərdiyi kimi, “yelin özünün də gətirdiyi bəlanı çəkib aparması” məntiqi də yel ruhunun xeyirxah simasını açıb göstərir. Yel çərşənbəsinin də mahiyyətində Yel ruhunun yaradılış simvolikası funksionallaşır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
azertag.az

2Sources