EN

Bakı regionda sabitliyin və insan təhlükəsizliyinin təminatçısı kimi çıxış edir – RƏY

Bakı, 10 mart, AZƏRTAC

Regiondakı mövcud vəziyyətlə bağlı Azərbaycan humanitar dəhliz açaraq müxtəlif ölkələrin vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsini təmin edir. Bu addım formal jest deyil, konkret xilas əməliyyatıdır və insan həyatının prioritet sayıldığını nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

O deyib: “Müharibənin alovlandığı bir vaxtda həm milli maraqları qorumaq, həm də beynəlxalq humanitar məsuliyyəti üzərinə götürmək siyasi yetkinlik tələb edir. Bu gün Bakı regionda qarşıdurmanın deyil, sabitliyin və insan təhlükəsizliyinin təminatçısı kimi çıxış edir və bununla da davamlı sülh arxitekturasında öz real rolunu ortaya qoyur. Azərbaycan uzun illərdir ki, nə blok siyasətinə qoşulur, nə də konfrontasiya ritorikasına üstünlük verir. Rəsmi Bakı həm Qərb ölkələri, həm Türkiyə, həm Rusiya, həm də İslam dünyası ilə paralel və praqmatik əməkdaşlıq modeli qurub. Hazırkı geosiyasi şəraitdə və enerji-logistika xəritəsinin yenidən formalaşması fonunda Azərbaycanın balanslı xarici siyasəti regionda sabitlik yaradan əsas faktorlardan biri kimi çıxış edir”.

 

Chosen
94
1
azertag.az

2Sources