EN

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Bu çərşənbə ilə bağlı xalq arasında bir çox maraqlı adət var. Bu gün küləyin istiqamətinə baxaraq hava proqnozu verməyə çalışırlar. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır.

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Şaiqqızı Məmmədova Yel çərşənbəsi ilə bağlı qeydlərini AZƏRTAC-la bölüşüb.

Təbiətin oyanışının rəmzi

O bildirib ki, folklor düşüncəsində yelin - küləyin özü yalnız fiziki təbiət hadisəsi deyil, həm də mifoloji məna daşıyan bir ünsürdür. Ümumilikdə, Yel çərşənbəsi xalqın təbiətlə bağlı qədim kosmoqonik təsəvvürlərini, eləcə də yazın gəlişi ilə əlaqədar formalaşmış mərasim mədəniyyətini əks etdirir. Bu səbəbdən Yel çərşənbəsi ilə bağlı müxtəlif inanclar, mərasimlər və deyimlər formalaşıb. İnanca görə, Yel çərşənbəsi həm də Novruz mərasimləri kontekstində təbiətin oyanış mərhələlərindən birini ifadə etdiyi üçün mühüm sayılır. Xalq təsəvvürünə görə, məhz bu mərhələdə əsən küləklər təbiəti oyadır, torpağın isinməsinə və yazın gəlişinə zəmin yaradır.

Regionlarda “cəmlə” anlayışı

Azərbaycanın bəzi ərazilərində çərşənbələr yox, cəmlələr deyirlər - birinci cəmlə, ikinci cəmlə, üçüncü cəmlə, dördüncü cəmlə. Gədəbəy ərazisində belədir. Söyləyici görün nə gözəl ifadə edir: o cəmlələrin biri oda düşür, biri suya düşür, biri yelə düşür, biri torpağa düşür. İrəvandan olan söyləyicilər də oxşar mətni danışır və Yel çərşənbəsini belə ifadə edirlər - bu zaman cəmlə havaya düşür. Gədəbəy bölgəsindən olan söyləyicilər onu da qeyd edirlər ki, onlar bütün çərşənbələri, o cümlədən Yel çərşənbəsini təmtəraqlı keçirirmişlər.

Novruza doğru son hazırlıqlar

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür, Axır çərşənbə üçün hazırlıqlar görülür. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Beləliklə, Yel çərşənbəsi həm qədim inancların, həm də xalqın gündəlik həyatında formalaşmış mərasimlərin və adətlərin yaşadıldığı mühüm günlərdən biri kimi Novruz ənənələrinin ayrılmaz hissəsini təşkil edir.

Yel çərşənbəniz mübarək!

Chosen
54
3
yeniazerbaycan.com

4Sources