EN

“Futbolumuzun indiki durumuna görə bu liqanın yaradılması vacibdir”

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Kuluarlarda dolaşan xəbərlərə görə, AFFA apreldə keçiriləcək İcraiyyə Komitəsinin Hesabat iclasında yeni mövsümə bağlı bəzi qərarları açıqlayacaq ki, onlardan biri də “əvəzedicilər”in ləğvidir.

Premyer Liqada 12 komanda 10-nun ikincilərinin mübarizə apardığı yarışın faydaları böyükdür. Klublardakı gənc, yerli oyunçular məhz burda oyun praktikası yığır, əsas komandaya yüksəlmək üçün tər tökür. “Zirə”, “Sabah”, “Qəbələ”, “Sumqayıt”, “Şamaxı” kimi kollektivlərin əvəzedicilərindən A komandaya yüksələnlərin sayı da az deyil.

Azərbaycan 2027-ci ildə U-20 dünya çempionatına ev sahibliyi edəcək. Azərbaycanda da bu yığmanın formalaşdırılması üçün Əvəzedicilər Liqasının varlığı önəmlidir. Klubların U-19 komandalarında durumlar yaxşı deyil və hər bir halda, əsas komandalarla məşq keçən oyunçular daha hazır formada olurlar.

“Zirə” klubunun akademiyasının koordinatoru Zaur Həşimovla məsələ ilə bağlı söhbətləşdik:

“Üçüncü mövsümdür ki, Əvəzedicilər Liqasının ləğvi haqda müzakirə gedir. Sanki futbolumuza həll olunmamış ən böyük problem bu liqanın qalıb-qalmamasıdır. Hər dəfə eyni fikirdə olmuşam, bu çempionat çox faydalıdır. Gənclər burda təcrübə qazanır, bir neçə məşqçimiz fəaliyyətlərinə məhz əvəzedici komandalarda başlayıb. Əvəzedici komanda əsas komandaya körpü rolunu daşıyır. Hələ ki, U-19-lardan kimsə birbaşa əsas komandaya gedə bilməyib. Buna görə, əvəzedicilərin yarışı mühümdür. Tək futbolçu, məşqçi deyil, hətta, hakimlər də var ki, elita yolunu burdan keçirir”.

Mütəxəssis əvəzedici komandanı saxlamağın böyük büdcə tələb etmədiyini qeyd etdi. O, AFFA üçün Əvəzedicilər Liqasının ləğvi mövzusunda öz təklifini də bildirdi:

“Əvəzedici komandaların böyük büdcəsi yoxdur. Oyunların keçirildiyi yerlər II Liqa, Region Liqasına baxmış daha yaxşıdır. Bir çox səbəblər var ki, liqanın saxlanılması üçün əsasdır. Lakin təklif edirəm ki, Əvəzedicilər Liqası ləğv olunarsa, U-20 Liqası yaradılsın. Qarşıdan dünya çempionatı gəlir. Fikrimcə, futbolumuzun indiki durumuna görə bu liqanın yaradılması vacibdir”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
97
futbolpress.az

1Sources