Türkiyə heç bir halda öz ünvanına edilən hücumlara dözməyəcək.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Türkiyənin cənub məkanı üzərində İranın ballistik raketlərinin məhv edilməsini jurnalistlərə şərh edərkən bildirib.
Ö.Çelik İranın özündə mövcud fikir ayrılıqlarına diqqət çəkərək qeyd edib ki, xaricdəki hədəflərə raket zərbələri məsələsində İran İslam Respublikasının hakimiyyətinin vahid mövqeyi yoxdur. “Prezident Məsud Pezeşkianın sözləri ilə bəzi iranlı parlament üzvlərinin açıqlamaları arasında ziddiyyətlər var”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Ankara diplomatiya alətlərinin bərpasının və qarşılıqlı zərbələrin dayandırılmasının tərəfdarıdır.
Türkiyəli siyasətçi qeyd edib ki, İran İslam Respublikası ətrafındakı böhranın yeni mərhələsi “İkinci Dünya müharibəsinin nəticələri əsasında formalaşmış qlobal münasibətlər arxitekturasının sonu” deməkdir.
İran İslam Respublikasının yeni Ali Rəhbəri kimi Seyid Müctəba Hüseyni Xameneinin seçilməsi məsələsinə toxunan AKP nümayəndəsi Tehranın siyasətində radikal dəyişiklik gözləntilərini “sadəlövh” adlandırıb. “İran İslam Respublikasının kursunun dini liderin kim olmasından asılı olaraq dəyişdiyini düşünənlər İran dövlətinin arxitekturası haqqında tam təsəvvürə malik deyillər”, – deyə Ömər Çelik bildirib.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi martın 9-da İrandan buraxılan ballistik raketin məhv edildiyini bildirib. Qurumun məlumatına görə, İran raketinin trayektoriyası Türkiyənin hava məkanından keçib. Raket Şərqi Aralıq dənizində yerləşmiş NATO qüvvələri tərəfindən məhv edilib. Onun qalıqları Qaziantep vilayətinin cənubunda yaşayış olmayan əraziyə düşüb. Ölən və yaralanan yoxdur.
İrandan ballistik raketin buraxılması ilə bağlı daha bir hadisə isə martın 4-də də baş verib.