ABŞ və Ukraynanın danışıqlar qruplarının bu həftəyə planlaşdırılan görüşü İran ətrafındakı vəziyyətin gərginləşməsi səbəbindən təxirə salınır.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin danışıqlar komandası ilə keçirilən müşavirənin yekunları üzrə bildirib.
'Faktiki olaraq 24/7 Amerika tərəfi ilə əlaqə saxlayırıq. Hazırda tərəfdaşların prioriteti və bütün diqqəti (cəmlənib - red.) İran ətrafındakı vəziyyətədir və bu səbəbdən Amerika tərəfinin təklifi ilə bu həftəyə planlaşdırılan görüş təxirə salınır. Lakin Ukrayna müharibənin başa çatması baxımından kömək edə biləcək və reallığa uyğun olacaq formatda istənilən an görüşə hazırdır", - o qeyd edib.
Zelenski həmçinin Yaxın Şərqdəki vəziyyətdən Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirmək, ikinci cəbhə açmaq xeyrinə manipulyasiya edilməsinin yolverilməzliyini qeyd edərək, ABŞ, İsrail və İran arasındakı hərbi münaqişə gedişatında qonşu dövlətlərə endirilən zərbələri pisləyib.