EN

Həyəcandan halı dəyişənlər, imtahandan çıxanda ağlayanlar... - Buraxılışdan REPORTAJ

Bu gün onlar üçün illərdir gözlədikləri zəhmətin ilk böyük sınağıdır. Bəli, bu gün 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı günüdür.

Məktəbin girişinə doğru addımlayan şagirdlərdən bəziləri son dəfə test kitabçalarına göz gəzdirir, bəziləri isə artıq kitablarını bağlayıb özlərini sakitləşdirməyə çalışırdılar. Hər kəsin üzündə fərqli hisslər oxunurdu: kimində özünə inam, kimində həyəcan, kimində isə səssiz bir düşüncə.

Bu həyəcan yalnız imtahanın çətinliyi ilə bağlı deyildi. Bu, həm də gələcək planların, arzuların və ümidlərin başlanğıc nöqtəsi idi.

Məktəbin həyətində isə valideynlər övladlarını imtahan binasının qapısına qədər yola salırdılar. Kimisi son məsləhətlərini verir, kimisi isə sadəcə övladının çiyninə toxunaraq “uğurlar” deməklə kifayətlənirdi.

179224

İmtahan binasının qarşısında şagirdlərin içəri daxil olması zamanı diqqət çəkən bir neçə hadisə də yaşandı. Belə ki, bir xanım abituriyent qələmini unutduğunu xatırladığı üçün qısa müddətə geri qayıtmalı oldu. O, az sonra yenidən imtahan binasına gələrək içəri daxil oldu.

Bu an valideynlərdən biri oğlunu “Yolun açıq olsun, Məhəmməd” sözləri ilə yola saldı.

179220

Gənc isə üzərində olan telefonu geri vermək üçün qısa müddətə geri dönərək anasına təqdim etdi və daha sonra imtahan binasına daxil oldu. Saat 10:32 radələrində isə bir xanım abituriyent üzərində olan qulaqcığı anasına vermək üçün qısa müddətə binadan çıxdı. Qulaqcığı təhvil verdikdən sonra o, yenidən imtahan binasına daxil oldu.

Valideynlərin üzündəki narahatlıq və ümid qarışığı duyğular hiss olunurdu. Çünki bu imtahan təkcə şagirdlərin yox, ailələrin də illərlə gözlədiyi bir mərhələdir.

İmtahan qaydalarına görə şagirdlərin üzərində dərman gətirməsinə icazə verilmirdi. Bu səbəbdən bir xanım şagirdin üzərində olan dərman, eləcə də digər bir şagirdin gətirdiyi burun damcısı yoxlanış zamanı götürüldü və onlar imtahana həmin əşyalar olmadan daxil oldular.

Şagirdlər məktəbin qapısından içəri daxil olduqca həyətin səs-küyü də tədricən azalırdı. İmtahan qaydalarına uyğun olaraq onlar yoxlanışdan keçir, telefon və digər artıq əşyalarını kənara qoyaraq sinif otaqlarına yönəlirdilər.

Saat 10:54 radələrində bir abituriyentin üzərində telefon olduğu ilə bağlı məlumat yayıldı və polis əməkdaşları əraziyə yaxınlaşdı. Araşdırma zamanı isə məlum oldu ki, şagird imtahana telefonsuz gəlib. Sadəcə anası onun telefonla gəldiyini düşündüyü üçün narahatlıq yaranıb. Sonradan aydınlaşıb ki, telefon evdə qalıb və hər hansı qayda pozuntusu baş verməyib.

İmtahanın başlamasına dəqiqələr qalmış bir xanım abituriyentin üzərində korset olduğu üçün o, xanım nəzarətçi tərəfindən ayrıca otaqda yoxlanışdan keçirilib. Yoxlanış zamanı hər hansı problem aşkarlanmayıb və abituriyent imtahana buraxılıb.

İmtahan binasında diqqətimizi çəkən başqa bir məqam da oldu. Belə ki, binada nə həkim, nə də tibb bacısı var idi. Səbəbini öyrənmək üçün ümumi imtahan rəhbərinə müraciət etdik. O bildirdi ki, qarşıdakı binada təcili tibbi yardım əməkdaşları növbədədir və hər hansı hadisə baş verərsə, dərhal əraziyə gələcəklər. Açığı, belə bir vəziyyətlə ilk dəfə qarşılaşırdıq. Ümid edirik ki, buna ehtiyac yaranmaz.

Nəhayət, gözlənilən vaxt yetişdi. Saat 11:00-ı göstərir. İmtahan rəsmi olaraq başladı.

Bir neçə dəqiqə sonra məktəbin içərisində tam fərqli bir səssizlik hökm sürürdü.

Sinif otaqlarında şagirdlər yerlərini almışdı. Masalarda yalnız qələm, sənəd və su qabları var idi. Pəncərədən süzülən səhər işığı otağa sakit bir atmosfer qatırdı. Nəzarətçilər son təlimatları xatırlatdıqdan sonra imtahan sualları paylanmağa başladı.

Ümumi imtahan rəhbəri prosesi izləmək üçün yuxarı mərtəbəyə qalxdı. Geri dönərkən imtahanda istifadə olunan audiqurğularda heç bir texniki problem olmadığını bildirdi. Şagirdlər dinləmə mərhələsində mətni rahat eşidə və tapşırıqları yerinə yetirə bildilər.

Ənənəyə uyğun olaraq, həmin şəxsə yaxınlaşaraq imtahan prosesi barədə əlavə məlumat əldə etdik.

Məktəbin ümumi imtahan rəhbəri Oğuztoğrul Tahirli bildirib ki, 25 nəzarətçi iştirak edir:

179171

"Ümumilikdə 285 imtahan iştirakçısı var. Onlardan 131-i kişi, 154-ü isə qadındır. Qeyd edim ki, hər biri imtahanda iştirak edir".

İmtahan rəhbəri Sərxan Süleymanov qeyd edib ki, binanın 3 mərtəbəsində də imtahan keçirilir:

179170

“Hər 3 mərtəbədə imtahan 18 otaqda aparılır. Mən 2-ci mərtəbədə imtahan rəhbəriyəm. İmtahanın 25 dəqiqəsi qalıb və indiyədək heç bir qayda pozuntusu qeydə alınmayıb”.

Valideynlər hələ də məktəbin qarşısında dayanaraq imtahanın bitməsini izləyirlər.

Bəziləri söhbət edir, bəziləri isə sadəcə məktəbin qapısına baxaraq düşüncələrə dalır. Hamısını birləşdirən ortaq duyğu isə ümiddir.

Abituiryent Sevgili Məhərrəmovanın anası Törəxanım Məhərrəmova qeyd edib ki, qızının arzusu ADNSU-ya qəbul olmaqdır:

179173

“Qızımın imtahanı üçün buraya toplaşmışıq. O, mənim ilk sevincim, ilk övladımdır. Onun simasında bütün abituriyentlərə uğurlar arzulayıram. Qızım inşAllah uğurlar imtahandan çıxar. Arzusu ADNSU-ya qəbul olmaqdır".

Əllərində gül buketi ilə gözləyən xalası Aynurə Əliyevanın sözlərinə görə, bu həyəcanı 3-cü dəfədir ki, yaşayır:

179175

“Bu gün bacım qızı Sevgili Məhərrəmova imtahan verir. Ona və bütün abituriyentlərə uğurlar arzu edirəm. Bu sevinci artıq üçüncü dəfədir ki, yaşayıram, çünki övladlarım ali məktəblərə qəbul olunublar.

Allah hər birinə zehin açıqlığı versin. İmtahan yüksək səviyyədə təşkil olunub. İnşallah, tələbə adını qazanaraq arzuladığı ali məktəbə qəbul olsun”.

Babası sabiq deputat Şaitdin Əliyev ölkəmizdə uşaqların təhsil alması üçün çox yaxşı şərait yaradıldığını dilə gətirib:

179174

“Nəvəmin buraxılış imtahanı üçün buradayam. Sevgiliyə və digər şagirdlərə imtahanı uğurla başa çatdırmalarını arzu edirəm. Mənim 14 nəvəm var; onlardan 6-sı universitetə qəbul olub, 2-si ali məktəbi bitirib, 4-ü isə təhsilini davam etdirir. İnanıram ki, nəvəm Sevgili də ali məktəbə qəbul olacaq.

Bu gün ölkəmizdə uşaqların təhsil alması üçün yaradılan şəraitdən də məmnunam. Prezidentimiz Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva təhsilin yüksək səviyyədə təşkili və maddi-texniki bazanın yaradılması üçün böyük işlər görürlər. Bir baba kimi buna çox sevinirəm. Xarici ölkələrdə də olmuşam və deyə bilərəm ki, Azərbaycanda təhsilin inkişafı üçün atılan addımlar nadir hallarda başqa ölkələrdə rast gəlinir.

Bu gün imtahan verən bütün şagirdlərə uğurlar arzulayıram".

Toğrul Hüseynzadənin atası Vasif Hüseynov qeyd edib ki, oğlunun arzusu DİA-da təhsil almaqdır:

179172

“Həm bizim, həm də oğlumun arzusu Dövlət İdarəçilik Akademiyasına qəbul olmaqdır. Biz düşünürük ki, o, 500-dən yuxarı bal toplasın, özü isə 600-dən yuxarı nəticə əldə etmək istəyir. Təbii ki, istəyirik ki, onun arzusu reallaşsın.

Yoldaşım da mənimlə birlikdə gözləyir. Bu, bizim ilk həyəcanımızdır; inşallah, bundan sonra bizi daha iki həyəcan gözləyir. Oğluma arzu etdiyimiz uğuru, digər uşaqlara da arzulayırıq".

Saatlar keçdikcə imtahan binası qarşısında yeni səhnələr yaşanmağa davam etdi.

Saat 12:44 radələrində imtahanı ilk bitirən abituriyent binadan çıxaraq təəssüratlarını paylaşdı.

Həsən Cəlilov 36 nömrəli məktəbin məzunudur. O, imtahanın çətin olmadığını bildirib:

179169

“Ali məktəbə artıq qəbul olmuşam. Çin universitetinin Biznesin idarə edilməsi ixtisasına qəbul almışam. İmtahan o qədər də çətin deyildi. Riyaziyyat asan idi. Təxminən 200 bal toplayacağımı gözləyirəm”.

Bir müddət sonra isə tam fərqli bir mənzərə yaşandı. Saat 13:26-da bir xanım abituriyent binadan həyəcan və göz yaşları ilə çıxdı. O, çox həyəcanlandığını və bu səbəbdən bəzi sualları cavablandıra bilmədiyini bildirdi.

179247

Abituriyentin sözlərinə görə, imtahan zamanı həyəcan onu bir qədər çətin vəziyyətə salmışdı. Gərginlik bununla da bitmədi. İmtahan binasında təcili tibbi yardım əməkdaşları olmadığından onların gəlməsi bir qədər vaxt apardı. Nəhayət, saat 13:33-də təcili tibbi yardım briqadası binaya daxil oldu və özünü narahat hiss edən abituriyentə tibbi yardım göstərildi.

Saat 14:00-ı göstərir. Abituriyentlərin çoxu hələ binadan çıxmayıb, lakin 3 dəqiqə sonra artıq səslər eşidildi və bitirənlərə yaxınlaşmağa başladıq.

200 nömrəli məktəbin 11-ci sinif şagirdi İbrahim Alıyev söyləyib ki, II ixtisas qrupu üzrə hazırlaşır:

179168

“Mənim üçün ən asan fənn ingilis dili oldu, çünki ona ən çox hazırlaşmışdım. Riyaziyyat isə daha çətin keçdi. Amma ümumilikdə imtahan çox ağır deyildi. Düşünürəm ki, 200-dən yuxarı bal toplaya bilərəm.

Azərbaycan Texniki Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə təhsil almaq istəyirəm. Təəssüf ki, bu ixtisas ödənişsiz təklif edilmir, amma mənim üçün bu önəmli deyil".

36 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Günel İsgəndərova bildirib ki, ötənilki illərə nisbətdə bu il imtahan çətin idi:

179167

“Riyaziyyat fənni xüsusilə çətin idi, açıq tipli sualların demək olar hamısı mürəkkəb idi. Azərbaycan dili üzrə verilən mətnlər də düşündürücü və qəliz idi. Sınaqlarda vaxtım artıq qalmışdı, amma suallar üzərində çox düşünməli olduğum üçün vaxt kifayət etmədi. İngilis dili fənni isə normal keçdi. Çətinliyinə baxmayaraq, 200-dən yuxarı bal toplayacağıma inanıram.

Gələcəkdə Türkiyədə bir universitetdə Tibb ixtisası üzrə təhsil almağı planlaşdırıram.”

36 nömrəli tam orta məktəbin məzunu Şahsənəm Kazımova qeyd edib ki, ümumilikdə imtahan yaxşı keçib:

179176

“Düşünürəm ki, suallar oxuyan şagird üçün nisbətən sadə idi, ona görə də çox həyəcanlanmalı deyildim. Hər sualın öz çətinlik səviyyəsi var, amma cavablandırmağı bacardım. Bəlkə 30 saat olsa, daha yaxşı nəticə göstərə bilərdim. İngilis dili fənni daha sadə, riyaziyyat isə mənə görə orta səviyyədə idi.

I ixtisas qrupuna hazırlaşıram və Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq ixtisası üzrə təhsil almağı planlaşdırıram. Ümumilikdə isə 500 bal toplayacağıma inanıram".

Qeyd edək ki, imtahanın sonlarına yaxın binadan çıxan abituriyentlərin reaksiyaları fərqli oldu. Çoxu riyaziyyat suallarının gözlədiklərindən çətin olduğunu qeyd etdi. Bəzi şagirdlər həyəcan və gərginlik səbəbindən bəzi sualları cavablandıra bilmədiklərini deyərək göz yaşlarını saxlaya bilmirdilər. Digərləri isə sakit və susqun halda binanı tərk edir, üzlərində həm yorğunluq, həm də düşüncə hiss olunurdu.

Bəzi abituriyentlər isə təəccüblü və bir qədər çaşqın halda imtahanı bitirərək binadan uzaqlaşırdılar. Onların sözlərindən görünürdü ki, sualların bəzisi gözlədiklərindən fərqli olub. Beləliklə, imtahan sonrası məktəb həyətində sevinc, narahatlıq və təəssüf dolu qarışıq emosiyalar müşahidə olunurdu.

Buraxılış imtahanı hər il minlərlə şagird üçün keçirilir, lakin hər biri üçün bu gün fərqli və yaddaqalan bir an idi. Çünki yazılan cavabların arxasında illərlə çəkilən zəhmət, müəllimlərin əməyi və valideynlərin dəstəyi dayanır. Bu gün 83 nömrəli məktəb-liseydə imtahan verən şagirdlər gələcəyin tələbələri, alimləri, müəllimləri və müxtəlif sahələrdə uğur qazanacaq gəncləri ola bilərlər.

Hər biri bu gün öz gələcəyinə bir addım atdı. Bəlkə illər sonra onlar bu günü xatırlayanda məktəb həyətindəki həyəcanı, valideynlərin ümid dolu baxışlarını və imtahan otağındakı səssizliyi yada salacaqlar. Çünki bu gün sadəcə bir imtahan günü deyil, gənclərin həyatında yeni bir mərhələnin başlanğıcıdır.

Chosen
13
1
azedu.az

2Sources