Sosial şəbəkələrdə yayılan videoda Salyan rayonunda bazarda meyvə satan qadının almanı tüpürərək sildiyi görünür. Kadrlarda satıcının almanı təmizlədikdən sonra yenidən piştaxtaya qoyduğu əks olunub.
Hadisə ictimaiyyət tərəfindən kəskin tənqid olunub. Bir çox istifadəçi bu cür davranışın gigiyena qaydalarına zidd olduğunu və alıcıların sağlamlığı üçün risk yarada biləcəyini bildirib.
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı videoda görünən satıcı - Salyan bazarında uzun illərdir göyərti satışı ilə məşğul olan Xatirə Həşimova Bizim.media-ya danışıb.
O bildirib ki, almaları satış üçün deyil, nəvələri üçün alıb və çirkli olduğu üçün təmizləmək istəyib.
Bazardakı digər satıcılar isə həmkarlarını müdafiə edərək həmin gün yağan yağışdan sonra məhsulların çirkləndiyini bildiriblər.
Ekspertlərin fikrincə isə, bu hadisə sadəcə bir satıcının davranışı deyil, gigiyena mədəniyyəti, köhnə məişət vərdişləri və bazar şəraitinin toqquşması kimi qiymətləndirilir. Onlar qeyd edirlər ki, açıq və nizamsız bazarlarda məhsulların yağış, toz və palçıq səbəbindən tez çirklənməsi bu cür hallara təsir göstərir. Buna görə satıcıların gigiyena qaydaları ilə bağlı maarifləndirilməsi və bazarların sanitariya tələblərinə uyğun nizamlanması vacibdir.
Qeyd edək ki, Salyan bazarı şəhərin mərkəz hissəsində yerləşir və bir hissəsi avtovağzal ərazisinə, digər hissəsi isə əsas prospektin yol kənarına qədər uzanır. Bazarın nizamlı infrastrukturu olmayıb, ənənəvi rayon bazarlarına xas olan xaotik ticarət mənzərəsi diqqət çəkir.