EN

DİQQƏT: Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək? – VACİB AÇIQLAMA

Semestr imtahanlarını müvəffəqiyyətlə başa vuran tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi məsələsi zaman-zaman müzakirə olunan mövzulardan biridir. Bəs belə bir mexanizmin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, semestri uğurla başa vurduğuna görə tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi real görünmür.

Təhsil

“Semestr imtahanlarını uğurla vermək tələbənin əsas məsuliyyətidir. Tələbənin kəsri olmamalıdır ki, növbəti kursa keçsin. Buna görə dövlət tərəfindən əlavə imtiyazın verilməsi nəzərdə tutulmur”.
Əvvəllər dövlət sifarişi ilə qəbul olunan tələbələr kəsri olmadığı halda təqaüd ala bilirdi. İndiki qaydaya əsasən isə həm ödənişli, həm də ödənişsiz əsaslarla oxuyan tələbələr təqaüd almaq imkanına malikdir. Hətta dövlət sifarişi ilə qəbul olunan, lakin ümumi müvəffəqiyyət göstəricisi aşağı olan tələbələr təqaüd almaya da bilər”.

Ramin Nurəliyev bildirib ki, təqaüdlərin verilməsi tələbələrin ümumi sayına uyğun müəyyən olunur və bu sistem tələbələr arasında rəqabətin formalaşmasına müsbət təsir göstərir.

Ekspertin fikrincə, təhsil haqqından tam azadolma ilə bağlı qaydanın tətbiqi yaxın perspektivdə gözlənilmir. Bununla belə, o, alternativ bir modelin tətbiqini təklif edir:

“ABŞ və Kanadada buna bənzər nümunələr var. Məsələn, tələbənin illik təhsil haqqı 10 min dollardırsa, ona standart ödəniş – məsələn, 40-50 faiz təyin olunur. Qalan məbləğ isə tələbənin ümumi müvəffəqiyyət göstəricisinə əsasən müəyyənləşdirilir. Bu model tələbələr arasında rəqabəti artırır”.

Ekspert hesab edir ki, Azərbaycanda da tələbələrin akademik göstəricilərinə uyğun olaraq təhsil haqqına müəyyən güzəştlərin tətbiqi faydalı olar. Onun sözlərinə görə, bu xüsusilə ödənişli əsaslarla təhsil alan və potensialı zəif olan tələbələrin daha yaxşı nəticə göstərməsinə stimul verə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
35
1
konkret.az

2Sources