EN

Körfəz ölkələri İranı niyə vurmur? Müharibəyə qoşulsalar, görün nələr olacaq

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran Körfəz ölkələrini də hədəfə almağa başladı. Maraqlıdır ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi varlı ölkələrdən hələlik ciddi hərbi cavab gəlmir. Bunun səbəbi onların zəif olması deyil. Əksinə, bu ölkələrin hərbi arsenalları regionda ən modern arsenal sayılır.

Körfəz ölkələrinin hava gücü

Əsas Körfəz ölkələrini toplasaq, təxmini hesablara görə, Səudiyyə Ərəbistanı 280-290, Qətər 100, BƏƏ 95-100, Küveyt 40-45, Bəhreyn 20-25 qırıcıya sahibdir. Ümumilikdə 550-yə yaxın qırıcı təyyarələri var. Bu təyyarələrin böyük hissəsi F-15, F-16, Eurofighter Typhoon, Rafale kimi 4 və 4.5-ci nəsil müasir qırıcılar hesab olunur.

Bu ölkələrin hərbi büdcələri də çox böyükdür: Səudiyyə Ərəbistanı 80, BƏƏ 23, Qətər 15, Küveyt 8 milyard dollardır. Əlbəttə, bu göstəricidə valyuta fərqinə görə cüzi fərq ola bilər.

İranın hərbi gücü

İranın hərbi büdcəsi isə təxminən 10–15 milyard dollar civarındadır. Bu, təkcə Səudiyyə Ərəbistanının hərbi büdcəsindən 5–6 dəfə azdır.

İranın qırıcı təyyarələri də əsasən köhnədir. Əsas modellər F-14 Tomcat ABŞ istehsalı 1970-ci illər, MiG-29, F-4 Phantom, F-5, Su-24. İranın ümumi qırıcı sayı təxminən 150–200 arası qiymətləndirilir. Bu təyyarələrin böyük hissəsi 3-cü və 4-cü nəsil köhnə platformalardır. Modern avionika və radar baxımından Körfəz ölkələrinin arsenalından ciddi şəkildə geri qalır.

İran niyə qırıcı təyyarələrdən istifadə etmir?

Müharibə fonunda diqqət çəkən bir məqam var. İran əsasən raketlər, dronlar və proksi qüvvələr vasitəsilə hərəkət edir.

Qırıcıların az istifadə olunmasının səbəbləri:

1. Köhnə texnika-İranın hava qüvvələrinin böyük hissəsi 40-50 illik platformalardır.

2. Sanksiyalar-İran uzun illərdir Qərb sanksiyaları altındadır və ehtiyat hissələri əldə etməkdə çətinlik çəkir.

3. Hava üstünlüyü riski-İsrail və Körfəz ölkələrinin hava qüvvələri daha müasir sistemlərə malikdir. Açıq hava döyüşündə İran ciddi itkilər verə bilər.

Körfəz ölkələri müharibəyə qoşularsa nə baş verər?

Əgər ABŞ, İsrail və Körfəz ölkələri

eyni koalisiyada çıxış etsə, regionda hava gücü balansı tam dəyişə bilər. Belə bir koalisiyanın sərəncamında 1000-dən çox müasir qırıcı, ən inkişaf etmiş hava hücumundan müdafiə sistemləri və ABŞ hərbi bazaları olacaq.

İranın yeraltı raket şəhərləri müharibənin taleyini dəyişə bilərmi?

İran son illərdə hərbi strategiyasını əsasən raket və dron sistemləri üzərində qurub. Bu strategiyanın ən mühüm elementlərindən biri isə Tehran tərəfindən tez-tez nümayiş etdirilən yeraltı raket şəhərləridir.

Bu obyektlər əsasən dağların içində və ya yüzlərlə metr dərinlikdə yerləşən böyük tunel kompleksləridir. İran rəsmiləri bu bazalarda ballistik raketlərin, qanadlı raketlərin və kamikadze dronların saxlandığını bildirirlər.

Bu obyektlərin əsas məqsədi sadədir. Hava hücumlarından qorunmaq və zərbədən sonra belə cavab imkanını saxlamaq.

Başqa sözlə, İran anlayır ki açıq hərbi qarşıdurmada hava üstünlüyü əldə etmək çətin olacaq. Ona görə də o müharibəni asimmetrik strategiya üzərində qurur. Bu model İranın zəif hava qüvvələrini kompensasiya etməyə xidmət edir.

Lakin bir çox hərbi analitiklər hesab edir ki müasir peyk kəşfiyyatı bunker dağıdan bombalar və yüksək dəqiqlikli silahlar dövründə bu obyektlər də tam təhlükəsiz deyil.

Körfəz ölkələri hərbi baxımdan güclüdür. Onların hava qüvvələri regionda söz sahibidir. Lakin onlar müharibəyə birbaşa girməkdə ehtiyatlı davranırlar.

Əgər bu ölkələr ABŞ-İsrail koalisiyasına qoşularsa İran üçün qarşıdurma tamamilə yeni və daha ağır mərhələyə keçə bilər. Ancaq Körfəz ölkələri müharibənin genişlənməsində maraqlı deyillər, çünki onlar neft və qaz ixracı hesabına son dərəcə zəngin yaşayırlar.

Müharibə isə bu ixracata ciddi zərbə vura bilər. Onlar istəyirlər ki, ABŞ İran problemini özü həll etsin və onları bu işə qatmasın.

Elbəyi Həsənli

Sürix

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
94
3
icma.az

10Sources