EN

Arakçi Naxçıvana hücumu “xoşagəlməz hal” adlandırdı

İranın xarici işlər naziri Abbas Araqçi İran dronlarının Naxçıvana hücumunu “xoşagəlməz hal” kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, NBC News telekanalına verdiyi müsahibədə danışıb.

Nazir bildirib ki, İran prezidenti Məsud Pezeşkian bundan əvvəl qonşu ölkələrdən üzr istəyib. Onun sözlərinə görə, üzr istəmək İran mədəniyyətində zəiflik yox, ləyaqət və güc əlaməti hesab olunur.

Arakçi deyib: “Prezident region xalqlarından ABŞ-ın aqressiyası və bizim cavab tədbirlərimiz nəticəsində yaşanan narahatlıqlara görə üzr istədi.”

İranın xarici işlər naziri hesab edir ki, region xalqları qarşısında üzr istəməli olan tərəf ABŞ-dır.

Onun sözlərinə görə, ABŞ prezidenti regionda baş verən ölümlər və dağıntılara görə məsuliyyət daşıyır.

Xatırladaq ki, 5 mart tarixində İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvana hücum etmişdi.

Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına düşmüşdü, digəri isə məktəb binasının yaxınlığında partlamışdı.

Hücum nəticəsində 4 mülki şəxs yaralanmışdı.

Araqçi bildirib ki, Tehran hazırda döyüş əməliyyatlarının dayandırılması şərtlərini müzakirə etməyə hazır deyil.

“Biz hələ o mərhələyə çatmamışıq”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, müharibənin tam nəticəsi əldə olunana qədər İran mübarizəni davam etdirəcək.

İran XİN rəhbəri münaqişənin əsas səbəbkarlarının ABŞ və İsrail olduğunu iddia edib. O bildirib ki, İran qonşu ölkələrə hücum etmədiyini, yalnız regionda yerləşən ABŞ hərbi bazalarını və obyektlərini hədəfə aldığını deyib.

Araqçi ABŞ prezidenti Donald Trampın İranın təslim olması ilə bağlı tələblərini də rədd edib.

“Biz heç vaxt təslim olmayacağıq. Lazım olduğu qədər müqavimət göstərəcəyik və öz xalqımızı, torpağımızı və şərəfimizi qoruyacağıq.”

Nazir həmçinin ABŞ-ın İran rəhbərliyinin seçilməsi prosesinə qarışması ilə bağlı iddiaları da rədd edərək bildirib ki, bu məsələ yalnız İran xalqına aiddir.

Bizim.Media

Chosen
110
20
bizim.media

10Sources