ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
İspaniyalı alimlər insanların brilyant və digər parlaq daşlara marağının genetik kökləri ola biləcəyini iddia edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə araşdırma "Frontiers in Psychology" jurnalında dərc olunub.
Araşdırmaya görə, bu meyil insanlara yaxın növ olan şimpanzelərdən miras qalmış ola bilər.
Tədqiqat zamanı şimpanzelərə müxtəlif daşlar və simmetrik kvars kristalları təqdim edilib. Meymunlar adi daşları demək olar ki, görməzdən gəlib, lakin şəffaf və parlaq kristallara xüsusi maraq göstəriblər: onları əllərində fırladıb, içindən baxıb və hətta öz aralarında bölüşüblər.
Araşdırmaya rəhbərlik edən kristalloqraf Xuan Manuel Qarsiya-Ruis hesab edir ki, simmetrik və parlaq kristalların diqqəti cəlb etməsi qədim canlılarda maraq və araşdırma davranışını gücləndirib. Bu isə yeni neyron əlaqələrinin yaranmasına və beynin inkişafına səbəb ola bilərdi.
Alimlərin fikrincə, məhz bu maraq erkən insanlarda düşünmə qabiliyyətinin inkişafına təsir etmiş ola bilər. Buna görə də insanların qiymətli daşlara sevgisi şüuraltı şəkildə qədim təkamül prosesləri ilə bağlı ola bilər.
Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, bu fərziyyəni təsdiqləmək üçün vəhşi təbiətdə əlavə təcrübələr aparmaq lazımdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.