EN

Azərbaycanda yeni əməkdaşlıq platforması yaradıldı

Azərbaycanda yeni əməkdaşlıq platforması yaradıldı

“Sağlam nəsil, güclü Vətən, davamlı inkişaf naminə Azərbaycan üçün birlik, dünya üçün əməkdaşlıq!” quruldu

Martın 4-də "Safran Hotel"də “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və "Skal İnternational Baku" Turizm Peşəkarları Assosiasiyası arasında Assosiativ Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

Dövlət qurumlarının və media nümayəndələrinin, ictimai təşkilatların, turizm sektoru təmsilçilərinin iştirakı ilə baş tutan tədbir çərçivəsində “Sağlam nəsil, güclü Vətən, davamlı inkişaf naminə Azərbaycan üçün birlik, dünya üçün əməkdaşlıq!” platformasının rəsmi elan olunması baş tutub.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev bildirib ki, bu 4 nüfuzlu ictimai birlik arasında imzalanan sənəd əsasında yaradılan koalisiya sağlam və dayanıqlı cəmiyyətin formalaşdırılması, şəhid ailələri, qazilər və veteranlara sosial dəstəyin gücləndirilməsi, sağlamlıq və termal turizmin inkişafı, beynəlxalq turizm əməkdaşlığının genişləndirilməsi, sosial məsuliyyətli və davamlı inkişaf təşəbbüslərinin təşviqi kimi istiqamətləri əhatə edəcək.

Memorandum tərəflər arasında strateji tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və sosial-iqtisadi təşəbbüslərin dəstəklənməsi məqsədini daşıyır. Ruslan Quliyev təşkilatların birgə fəaliyyətinin gənclər üçün yeni karyera imkanlarının genişləndirilməsi istiqamətində əhəmiyyətindən də danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, müxtəlif təşkilatların bir araya gələrək əməkdaşlıq etməsi mühüm addımdır. Millət vekili turizm, sosial təşəbbüslər və iqtisadi fəaliyyətin vahid platformada birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu, dövlət, həm də cəmiyyət üçün vacib addımdır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov da çıxışında memorandumun əhəmiyyətindən bəhs edib. O, bu əməkdaşlığın sosial və iqtisadi təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyini bildirərək platformanın fəaliyyətinə uğurlar arzulayıb.

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev isə qeyd edib ki, imzalanan sənəd Türk dünyası üçün çoxsaylı əməkdaşlıqların miqyasını genişləndirəcək.

Skal İnternational Baku Turizm Peşəkarları Assosiasiyasının sədri Ceyhun Aşurov bildirib ki, ictimai birliklər arasındakı bu əməkdaşlıq sosial və həssas qrupların dəstəklənməsi baxımından da vacib addımdır.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə memorandumun qazilərin və şəhid ailələrinin sosial dəstəyi və peşə hazırlığının artırılması baxımından yeni və əhatəli imkanlar yaradacağını vurğulayıb.

Turan Qastroturizm Akademiyasının icraçı direktoru Doğan Tomris akademiyanın fəaliyyəti haqqında təqdimatla çıxış edib. Platforma çərçivəsində əməkdaşlıq imkanlarından danışan Doğan bəy “Peşəni Tap” təqdimatı çərçivəsində iştirakçıları turizm və qastronomiya sahəsində mövcud ixtisaslar, əmək bazarının tələbləri və real karyera imkanları ilə yaxından tanış edib. Akademiyanın təqdim etdiyi turizm və qastronomiya sahəsində perspektivli peşələr, mehmanxana və restoran biznesində karyera pillələri, turizm agenti və turoperator fəaliyyəti, xaricdə təhsil və təcrübə imkanları, şəxsi brend və peşəkar inkişaf strategiyası, sertifikasiya və beynəlxalq imkanlar barədə danışan Doğan bəy bildirib ki, bütün bunlar abituriyentlər, tələbələr, peşə seçimi mərhələsində olan gənclər və turizm sahəsində işləmək istəyənlər üçün geniş imkanlar yaradır.

Daha sonra “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və “Skal İnternational Baku” Turizm Peşəkarları Assosiasiyası təşkilatları arasında Memorandum imzalanıb. Memoranduma əsasən, “Sağlam nəsil, güclü Vətən, davamlı inkişaf naminə Azərbaycan üçün birlik, dünya üçün əməkdaşlıq!” platforması rəsmi elan edilib.

Fəxriyyə ABDULLAYEVA

Chosen
55
9
afn.az

10Sources