Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə səfərdə keçirilən oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
“Təəssüflər olsun ki, minimal hesabla məğlub olduq. İlk oyundan sonra istəyirdik ki, bu qarşılaşmada ən azı 1 xal qazanaq. Rəqibi yaxşı təhlil etmişdik, komandanın gücünü, futbolçularının səviyyəsini bilirdik. Birinci hissədə bizi səhv etməyə məcbur etdilər və qapımıza yol tapdılar. Qarşıdakı oyunlarda yaxşı nəticə qazanmaq üçün tez bir zamanda səhvlərimizi analiz edib, onları aradan qaldırmağa çalışacağıq".
Millimiz növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.