EN

Həyatın gizli təbəqəsi: tədqiqatçılar qəribə canlılar tapdı – VİDEO

ABŞ-ın Böyük Duz Gölü sahillərində aparılan araşdırmalar alimlərin uzun illər diqqətindən yayınmış gizli həyat qatını üzə çıxarıb.

Ölkə.Az xəbər verir ki, Yuta Universitetinin alimləri gölün dib çöküntülərindən götürdükləri nümunələrdə mikroskopik canlılar aşkar ediblər. Bu barədə "The Daily Galaxy" nəşri yazır.

Adətən Utah ştatındakı Böyük Duz Gölünün sahilləri demək olar ki, canlısız görünür. Göldə duzluluğun həddən artıq yüksək olması burada yaşaya bilən heyvanların sayını ciddi şəkildə məhdudlaşdırır. Buna görə də indiyə qədər tədqiqatların böyük hissəsi yalnız bir neçə yaxşı tanınan növ üzərində aparılıb. Onlardan biri də suda mövsümi sürülər halında yaşayan kiçik xərçəngkimilər — Artemia franciscanadır.

Gölün sahilində bu canlılar çoxalaraq sahil xəttini örtən qaranlıq “xalça”lar yaradır. Onlar eyni zamanda gölü qidalanma məkanı kimi istifadə edən milyonlarla köçəri quş üçün əsas qida mənbəyidir. Lakin bütün bu müddət ərzində suyun dibindəki lil qatında başqa canlılar da sakitcə yaşayırmış.

Alimlər gölün müxtəlif nöqtələrindən çöküntü nümunələri toplayıblar. Lil dənəcikləri və duz kristalları arasında mikroskopik dairəvi qurdlar — nematodlar aşkar edilib. Bu canlılar Yer üzündə ən geniş yayılmış heyvan qruplarından biri hesab olunur.

Nematodlar torpaqda, okeanlarda, şirin su göllərində və hətta yeraltı dərin mühitlərdə yaşayırlar. Buna baxmayaraq, alimlər indiyədək onların belə hiperduzlu mühitdə — bir çox növlər üçün yaşamaq baxımından çox sərt sayılan bu göldə mövcudluğunu təsdiqləməmişdilər.

Tədqiqat göstərib ki, bu qurdlar göldə təsadüfi şəkildə peyda olan canlılar deyil, daimi sakinlərdir. Analiz zamanı bir neçə müxtəlif nematod növü də müəyyən edilib. Bu isə gölün sərt kimyəvi mühitinə birdən çox növün uyğunlaşdığını göstərir. Hər bir növ dib çöküntülərində fərqli ekoloji nişləri tuta bilər.

Mikroblarla qidalanaraq və üzvi qalıqları parçalayaraq bu canlılar qida maddələrinin dövranında mühüm rol oynayırlar. Onların hərəkəti həm də çöküntülərin ən xırda qatlarını qarışdırır və bu, gölün dibində oksigen və qida maddələrinin paylanmasına təsir göstərir.

Chosen
25
1
olke.az

2Sources