EN

"Sabah"la yanaşı, "Qarabağ" da ziyana düşə bilər! – hər iki klubu ağır cəza gözləyir...

Misli premyer-liqasının 22-ci turunun "Qarabağ" - "Sabah" matçında yaşanan münaqişədən xəbərdarsız.

Xatırladaq ki, Masazır təmsilçisinin məşqçisi Valerio Zuddasın əliylə cinsi orqanına toxunaraq "Qarabağ"ın texniki zonasına ünvanlanan qeyri-etik jest etməsi rəqibi özündən çıxardı. Nəticədə "köhlən atlar"ın texniki zonasında olan hər kəs "Sabah"ın texniki zonasına hücum çəkdi.

Düzdü, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas final fitindən dərhal sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanova yaxınlaşaraq Zuddasın adından hamıdan üzr istədi. Ancaq məsələ bununla bitə bilməzdi. Çünki AFFA İntizam Komitəsinin də işə qarışacağı, günahkarları cəzalandıracağı gözlənilirdi.

İş ondadı ki, komitənin dünənki iclasında bu hadisə ilə bağlı hansısa qərara verilməyib. Sonradan məlum oldu ki, federasiyada başverənləri, xüsusən Zuddasın münaqişəyə rəvac verən davranışı özündə əks etdirən görüntülər olmayıb. Nə matçın baş hakimi Tural Qurbanovun, nə də AFFA nümayəndəsi Emin Cəfərovun hesabatında hadisə ilə bağlı qeyd yoxdu.

Hər halda, dünən AFFA-dan "Football-plus.az"a verilən məlumatda İntizam Komitəsinin iclasının sonradan yayınlanan görüntülərə əsasında yenidən keçiriləcəyi və dəlillərə uyğun qərarların veriləcəyini bildirildi.

Bəli, yaşananlar üzündən "Sabah"ın böyük məbləğdə cərimələnəcəyini, Zuddasın bir neçə oyunluq cəzalandırılacağını proqnozlaşdıra bilərik. Ancaq "Qarabağ"ın da sanksiyalarla üzləşmək ehtimalı yüksəkdi. Ona görə ki, münaqişə təkcə Zuddasın davranışıyla sərhədlənmir, həm də dava düşüb. Belədə İntizam Məcəlləsinin müvafiq maddələrinə baxmaq lazımdı. 48-ci maddədə qeyd olunur:

"Dava - iki və ya daha çox iştirakçı (oyunçu, ehtiyat oyunçu, rəsmi şəxs və s.) arasında,qəsdən və aqressiv fiziki təmas şəklində baş verən, oyunun normal gedişatını pozan və ya pozma təhlükəsi yaradan qarşılıqlı zorakılıq aktıdı. Dava hadisəsinə qarışan və hərəkətləri daha ağır intizam tədbiri tələb etməyən şəxslər üçün: Oyunçular və rəsmi şəxslər üç oyundan altı oyuna qədər oyuna buraxılmama, klub barəsində 4000 manatdan 6000 manata qədər cərimə tətbiq olunur".

Zuddasın sərgilədiyi davranış isə 52-ci maddəyə uyğundu. Bu maddəyə də nəzər salaq:

"Təhqiredici davranış şəxsə və ya qrupa qarşı şərəf və ləyaqəti alçaldan, mənəvi zərər yetirən, hörmətdən salan və ya açıq şəkildə ədəbsiz, rüsvayedici, qeyri-etik xarakter daşıyan istənilən hərəkət, söz, jest, şüar və ya simvollarla ifadə edilən davranış hesab olunur. Oyunun rəsmi şəxslərinə və azarkeşlərə qarşı edilən təhqiredici davranışa görə oyunçu və rəsmi şəxs barəsində 4 oyundan 7 oyuna qədər oyuna buraxılmama, klub barəsində 10000 manatdan 15000 manata qədər cərimə intizam tədbirləri tətbiq olunur".

Maraqlıdı, bəs, İntizam Komitəsinin iclası nə vaxt olacaq? Həmin iclasda "Qarabağ"ın da cəzalanması mümkündümü?

Bu suallarla komitənin sədri Erkin Hüseynova müraciət etsək də, ondan konkret cavab ala bilmədik. Qurum rəsmisi iclasın keçiriləcəyi vaxtın hələ bilinmədiyini, cəzaların yalnız həmin iclasdan sonra bəlli olacağını dedi.

KƏNAN BAHADIR

Chosen
112
football-plus.az

1Sources