EN

Deputat: “Ulu Öndərin müəyyən etdiyi bu siyasət...”

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycanda dövlət qadın siyasətinin əsas prinsiplərinin formalaşdırılması və dövlət səviyyəsinə qaldırılması bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Ümummilli Lider qadınların cəmiyyət həyatında fəal iştirakını, onların hüquq və azadlıqlarının qorunmasını hər zaman dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirirdi.

Ulu Öndər Heydər Əliyev qadınların yalnız ailə dəyərlərinin qoruyucusu deyil, eyni zamanda dövlət quruculuğunun, ictimai-siyasi həyatın və ölkənin inkişafının fəal iştirakçısı olduğunu daim vurğulayırdı.

Onun rəhbərliyi dövründə Azərbaycanda qadın hüquqlarının təmin edilməsi, qadınların idarəetmə strukturlarında irəli çəkilməsi və onların cəmiyyətin müxtəlif sahələrində layiqincə təmsil olunması istiqamətində mühüm addımlar atıldı.

Ulu Öndərin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində 1993-cü ildən etibarən qadınların ictimai-siyasi həyata daha fəal cəlb olunması, onların dövlət idarəçiliyində təmsilçiliyinin artırılması və bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edildi. 

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu istiqamətdə atılmış mühüm addımlardan biri oldu. 

Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması, onların sosial, iqtisadi və siyasi həyatda rolunun gücləndirilməsi, eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin edilməsinə xidmət edən mexanizmlərin formalaşdırılması idi.

1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultaylarının keçirilməsi də dövlət qadın siyasətinin mühüm istiqamətlərindən biri kimi formalaşdı. Bu qurultaylar qadınların problemlərinin müzakirə edilməsi, onların cəmiyyət həyatında rolunun artırılması və dövlət siyasətinin bu sahədə daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli platformaya çevrildi. 

2000-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman isə qadınların kişilərlə hüquq bərabərliyinin təmin edilməsi, xüsusilə dövlət idarəçiliyi sistemində onların layiqli şəkildə təmsil olunması istiqamətində mühüm hüquqi baza yaratdı.

Həm Dövlət Komitəsinin yaradılması, həm də bu Fərmanın imzalanması Azərbaycanda qadın siyasətinin inkişafında yeni və daha sistemli mərhələnin başlanğıcı oldu”.

Deputat bildirib ki, Ulu Öndərin müəyyən etdiyi bu siyasət bu gün də uğurla davam etdirilir:

“Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadınların cəmiyyət həyatında rolunun daha da artırılması, onların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Dövlət başçısının həyata keçirdiyi uğurlu sosial və institusional islahatlar nəticəsində qadınların dövlət idarəçiliyində, parlamentdə, yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə və digər mühüm strukturlarda təmsilçiliyi əhəmiyyətli dərəcədə artmışdır.

Prezident İlham Əliyevin hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbriklər də dövlət başçısının qadınlara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir”.

Parlamentari söyləyib ki, bu gün Azərbaycanda qadınlar ölkənin ictimai-siyasi həyatında, iqtisadi inkişafında, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə böyük uğurlara imza atırlar:

“Onlar həm dövlət qurumlarında məsul vəzifələrdə çalışır, həm sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq iqtisadi inkişaf prosesinə töhfə verirlər, həm də kənd təsərrüfatı və digər istehsal sahələrində fəal iştirak edirlər.

Eyni zamanda hüquq-mühafizə orqanlarında, silahlı qüvvələrdə və müxtəlif strateji sahələrdə çalışan qadınlarımız ölkəmizin inkişafına və təhlükəsizliyinin təmin edilməsinə öz töhfələrini verirlər. Azərbaycan qadını tarix boyu mərhəməti, sədaqəti, yüksək mənəvi keyfiyyətləri, güclü iradəsi və vətənpərvərliyi ilə seçilmişdir.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının nüfuzunun daha da yüksəlməsinə böyük töhfə verir.

Mehriban xanım Əliyeva həyata keçirdiyi humanitar layihələr, xeyriyyəçilik fəaliyyəti, milli-mədəni irsimizin qorunması və dünyada təbliği istiqamətində gördüyü işlərlə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanmışdır.

Onun təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan mədəniyyətinin, humanizm və tolerantlıq dəyərlərinin dünyada tanıdılmasına mühüm töhfə verir.

Eyni zamanda ölkəmizdə qadın hüquqlarının qorunması və qadın siyasətinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərdə Birinci vitse-prezidentin rolu xüsusi əhəmiyyət daşıyır”.

S.Salmanova qeyd edib ki, Azərbaycan qadınları yalnız cəmiyyətin sosial və iqtisadi həyatında deyil, həm də Vətənin müdafiəsində böyük qəhrəmanlıq və fədakarlıq nümunələri göstəriblər:

“Birinci Qarabağ müharibəsi dövründə və 44 günlük Vətən müharibəsində Azərbaycan qadınları həm ön cəbhədə, həm də arxa cəbhədə böyük şücaət nümayiş etdirib, tibb işçisi, könüllü, hərbi qulluqçu və müxtəlif sahələrdə çalışan vətəndaş kimi Vətənə sədaqətlə xidmət ediblər.

Onların vətənpərvərliyi və qətiyyəti xalqımızın gücünü və birliyini bir daha nümayiş etdirib. Eyni zamanda Azərbaycan qadını ailə institutunun möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna rol oynayır.

Məhz Azərbaycan anaları Vətənə bağlı, milli ruhlu, cəsur və mərd oğul və qızlar yetişdirərək xalqımızın gələcəyinin formalaşmasına mühüm töhfə verirlər. Bu gün torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin böyüyüb boya-başa çatmasında Azərbaycan analarının zəhməti və fədakarlığı dayanır.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan qadını dövlətimizin inkişafında, cəmiyyətimizin tərəqqisində və milli dəyərlərimizin qorunmasında mühüm və əvəzsiz rol oynayır.

Dövlət tərəfindən qadınlara göstərilən diqqət və qayğı onların potensialının daha da geniş şəkildə üzə çıxmasına şərait yaradır. Bu siyasətin nəticəsində Azərbaycan qadınları bu gün də öz zəhməti, biliyi və vətənpərvərliyi ilə ölkəmizin tərəqqisinə mühüm töhfələr verməkdə davam edirlər”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
2
cebheinfo.az

10Sources