Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Musa Quliyevin APA-ya müsahibəsi
- Musa müəllim, son zamanlar Türkiyə mediasında, sosial media seqmentində Azərbaycanla bağlı yalan, həqiqətdən uzaq iddialara istinad edən qaralama kampaniyasının aparıldığını müşahidə etməkdəyik. Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər fonunda qardaş ölkə mediasının bu davranışını necə şərh edərdiniz?
- Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin dünyada bənzəri olmadığı bir reallıqdır. Ölkələrimiz nəinki müttəfiqlik səviyyəsinə çatmış ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi üçün davamlı işləyir, eyni zamanda müxtəlif beynəlxalq proseslərə dair mövqelərində də həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirir. Burada xüsusi diqqəti cəlb edən məqam budur ki, hər iki ölkənin lideri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iki ölkə əlaqələri üçün müəyyən etdikləri konseptual baxış yalnız dövlət təsisatlarını əhatə etmir. Dövlət başçıları Azərbaycan və Türkiyə arasındakı qardaşlıq hisslərini bütün cəmiyyətimizə aşılayırlar və xalqlarımızın birliyinin, qardaşlıq bağlarının daha da gücləndirilməsini ən ümdə vəzifə kimi görürlər.
Şübhəsiz ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin bu səviyyəyə gəlib çıxmasından məmnun olmayan qüvvələr az deyil. Biz istər regional, istərsə də daha geniş miqyasda gedən proseslərdə dəfələrlə bunun şahidi olmuşuq. Sevindirici haldır ki, hər iki ölkə bu sarsılmaz birliyi pozmağa yönəlmiş addımları, təxribatları görür və bunları önləmək üçün vaxtında lazımi addımları atırlar.
Narahatlıq doğuran məqam isə budur ki, iki ölkənin qardaşlığına qarşı fəaliyyət göstərən qüvvələr yalnız ölkələrimizin xaricində deyil. Təəssüflər olsun ki, öz məqsədlərini fərqli adlar altında gizlədən, öz çirkin niyyətlərini müxtəlif üsullarla yeritməyə çalışan qüvvələr cəmiyyətlərimizdə əvvəllər də olub və bu gün də var.
Elə məhz bu məqamda dövlət institutunun ayıq-sayıqlığı, qətiyyəti və ardıcıl mövqeyi ön plana çıxmalı və gedən proseslərə həlledici təsirini göstərməlidir.
Azərbaycanda Türkiyə əleyhinə fəaliyyət göstərmiş qruplaşmaların olduğu bir faktdır. Lakin onların bu çirkin fəaliyyətinin qarşısının effektiv şəkildə alındığı da bir həqiqətdir. Anti-Türkiyə cəbhəsində təmsil olunan şəxslər - Ramiz Mehdiyev, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Əli Həsənov kimiləri artıq zərərsizləşdirilib, hətta bəziləri artıq həbsdədir. Digər tərəfdən, onların əlaqələrə dolayı yolla da olsa ziyan vurmaq, öz zərərli baxışlarını cəmiyyətə sirayət etdirmək imkanları belə sıfır səviyyəsinə endirilib.
Sadə bir nümunə göstərək. Bu gün Azərbaycanda aparılan istənilən ictimai rəy sorğusunda iştirak edənlərin 90-95 faizi Türkiyəni qardaş və dost ölkə kimi qiymətləndirir. Türkiyə ilə bağlı baş verən istənilən müsbət hadisəyə kütləvi rəğbət, hər hansı çətin, ağır proseslərlə əlaqədar qəti həmrəylik nümayiş etdirilir. Bu da əslində təəccüb doğurmamalıdır. Bu, dövlət səviyyəsində vaxtında görülmüş işlərin, atılmış addımların nəticəsidir. Belə ki, Azərbaycanın dövlət təbliğatı qardaş və müttəfiq Türkiyəni hər zaman ön planda saxlayır. Bu təbliğatı praktiki addımlarla dəstəkləyən yerli mətbuat da cəmiyyətin müvafiq baxış bucağının formalaşması prosesində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Bütün bunların fonunda, qardaş Türkiyədə son zamanlar müşahidə etdiyimiz bir sıra proseslərin ciddi narahatlıq doğurduğunu, bu proseslərin aparılma üslubu və miqyasının müəyyən suallar yaratdığını qeyd etməliyik.
Bu yaxınlarda Türkiyədə keçirilmiş rəy sorğusunda Azərbaycan Türkiyənin dostu olan ölkələr sırasında birinci yerdə qərarlaşsa da, rəyi soruşulanların 20 faizi Azərbaycanı düşmən adlandırıb. Onlardan 13 faizi isə hər hansı fikir və ya rəy bildirməyib.
Bu rəqəmlər olduqca böyük təəssüf və təəccüb doğurur, lakin eyni zamanda belə bir sual ortaya qoyur: bunlar hansısa anlaşılmazlığın, yoxsa kimlərsə tərəfindən aparılan ardıcıl işin nəticəsidir?
Müşahidələrdən aydın olur ki, Azərbaycan təbliğatında və mətbuatında Türkiyəyə münasibətdə göstərilən həssaslıq heç bir halda Türkiyə təbliğatında və mətbuatında Azərbaycana münasibətdə nümayiş etdirilmir. Azərbaycanı qardaş, dost və müttəfiq ölkə kimi vurğulayan fikirlərə, yazılara nadir hallarda rast gəlmək olar. Tam tərsinə, bir sıra tendensiyalar onu deməyə əsas verir ki, Türkiyədə müxtəlif qruplaşmalar Azərbaycan əleyhinə fəaliyyətlərini bu gün də ardıcıl və açıq şəkildə davam etdirirlər.
Türkiyənin media məkanındakı vəziyyət narahatlıq doğurmaya bilməz. Aparıcı media qruplarından olan “Turkuvaz” media qrupunun gündəminə nəzərə yetirsək, aydın olur ki, bu qrup tərəfindən Azərbaycana qarşı müntəzəm surətdə şər-böhtan kampaniyası aparılır. Azərbaycan məqsədyönlü şəkildə ləkələnir və ölkəmizin rəhbərliyi təhqir olunur. Təəccüb doğuran isə odur ki, “Turkuvaz” qrupunun rəhbəri Berat Albayrak Prezident Ərdoğanın ailəsinin yaxın üzvüdür. Bu şəxs ciddi nöqsanlarına görə vaxtilə Türkiyə Prezidenti tərəfindən bütün vəzifələrindən azad edilmişdi. Lakin energetika naziri olduğu dövrdə belə Azərbaycana qarşı qruplaşmaların ön sırasında yer alırdı. Bu gün isə o hələ də türk ictimai rəyində malik olduğu güclü təsir imkanlarından həmin məqsədlər üçün istifadə edir. Təəccüblü deyil ki, Türkiyədə bu gün də bir sıra media resursları tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın başında “Turkuvaz” qrupu dayanır.
- Yeri gəlmişkən, Türkiyə Böyük Millət Məclisinin üzvü Ömer Faruk Gergerlioğlu adlı şəxs də bu günlərdə ölkəmiz və Prezident İlham Əliyev haqda absurd, reallığı təhrif edən fikirlər səsləndirib...
- Türkiyə xalqını təmsil edən parlamentin ölkəmiz əleyhinə fəaliyyətlərə alət edilməsi isə artıq hiddət doğurmaya bilməz. Türkiyə Böyük Millət Məclisinin çətiri alında gizlənən bir sıra şəxslər Azərbaycana, dövlətimizin başçısına qarşı qərəzli ittihamlar səsləndirir, reallığı təhrif etməkdən çəkinmirlər. Bu yalanlar isə yenə də Türkiyə mətbuatına ayaq açır və ictimai rəyə təsir göstərir. Parlament üzvü olan Ömer Faruk Gergerlioğlu adlı şəxsin ölkəmiz və Prezident İlham Əliyev haqda növbəti absurd fikirləri də bu çərçivədə qiymətləndirilməlidir.
Bütün bunlar isə yuxarıda qeyd etdiyimiz kimi, dövlətin qətiyyətini və ardıcıl mövqeyini ön plana çıxarır. Və bizim Türkiyəyə münasibətdə nümayiş etdirdiyimiz eyni həssaslığı Türkiyədən gözləməyə tam haqqımız var. Düşünürük ki, Türkiyə dövləti iki qardaş ölkə arasında nifaq yaratmağa çalışan bu ünsürlərə qarşı təxirəsalınmaz tədbirlər görməlidir. Unutmayaq ki, vaxtilə Türkiyə prezidentinin xahişi ilə Azərbaycanda anti-Ərdoğançı şəbəkə və FETÖ-çu qruplaşmalara aid olan insanlar zərərsizləşdirilmiş və onların bir çoxu Türkiyə tərəfinə təhvil verilmişdi. Ölkəmiz əleyhinə Türkiyədə fəaliyyət göstərən şəxslər də eyni qaydada Azərbaycana təhvil verilməlidir. Türkiyə Böyük Millət Məclisinə sığınaraq, ölkələrimizin və xalqlarımızın birliyinə xələl gətirən, təhqir səsləndirməkdən çəkinməyən şəxsin "toxunulmazlığı" ləğv edilməli və ona münasibətdə həbs tədbirləri görülməlidir. İctimai rəyi Azərbaycan əleyhinə yönləndirən media qruplarının dağıdıcı fəaliyyətinin qarşısı alınmalıdır. Bu kimi tədbirlər yalnız Azərbaycan-Türkiyə birliyinə zərər yetirməyə çalışanların planlarını pozmayacaq. Daha vacib olan məqam budur ki, bunlar həm də Türkiyədə Azərbaycan əleyhinə aparılan kampaniyanın məqsədyönlü şəkildə vahid bir mərkəzdən idarə olunduğu haqda fikirlərin üstündən xətt çəkəcək, bu kampaniyanın sadəcə müxtəlif qruplaşmaların fəaliyyətinin nəticəsi olduğunu nümayiş etdirəcək.