EN

Molla rejimi – İslam birliyinə zərbə formulu

Yaxud həmrəyliyin Azərbaycan modelinə uzanan əllər barədə

Belə bir klişeləşmiş deyim var: İran ancaq müsəlman dövlətləri ilə mübarizə aparır. Bu, həqiqətən də belədir. Halbuki, molla rejimi ölkəni İslam təəssübkeşi obrazında göstərir. O rejim ki, İran dövlətçiliyinin müdafiəsi adı altında irəli sürdüyü bütün prinsiplər heçdir. Ona görə heçdir ki, mollaların timsalında İranın səmimiyyətinə inanan yoxdur.

Yada məşhur Azərbaycan filmi “Nəsimi”də Əmir Teymurun Nəsiminin sərbəst buraxılmasına görə hay-küy salan din xadimlərinə cavabı düşür. “Hanı sizin kəlamınızın qüdrəti? Nə vaxtadək baş kəsməklə qalib gələcəyəm mən?”, - deyirdi böyük hökmdar. Hazırda İran mollaları eynilə həmin din xadimlərinin günündədirlər. Kəlamları heç nəyə yaramır. Yalnız zülm-zillət üzərində qurulmuş qalibiyyət səltənətləri var. Əlbəttə, buna səltənət demək mümkündürsə. Axı saxta din təəssübkeşlərinə kim və ya kimlər inanar?

Bəli, İran illər ərzində həyata keçirdiyi siyasətlə özünə münasibətdə dayanıqlı etimad hissi yaratmadı. Hazırda bir müsəlman dövləti yoxdur ki, onu hansısa formada müdafiə etsin. Halbuki, belə olmalı deyildi. Amma molla rejimində durum barədə düşünənlər yoxdur və olmayacaq da. Çünki işləri-peşələri daxildə və xaricdə düşmən axtarmaq olub.

İran milyonlarla insanın, o cümlədən türklərin özlərinə Vətən dedikləri məmləkətdir. O insanların ki, ata-babaları tarixən bu ərazidə yaşayıb-yaradıblar. Axı İran məhfumunun kökü bir o qədər dərin olmasa da, ölkə ərazisində dövlətlər olub.

Qacarlardan, Əfşarlardan və Səfəvilərdən əvvəl də İran türk toplumlarının yurdu olub və yenə qalmaqdadır. Ölkənin etnik rəngarəngliyini də unutmur və bu rəngarəngliyin mövcud coğrafiyaya məxsusilik qazandırdığı qənaətindəyik. Tarixən də belə olub. Fəqət XX əsrdə İrandakı təkcə türk toplumlarının deyil, ümumən digər xalqların və etniklərin də başlarının üzərini qara buludlar aldı. Söhbət molla rejimi bəlasından gedir. O bəladan ki, onun Azərbaycan adlı böyük sancısının olduğu hər kəsə bəllidir. O bəla ki, onun sancısını molla rejimindən əvvəlki Şah rejimi də çəkib. Axı hər iki rejim, bir növ, böyük xalq şairimiz Ramiz Rövşənin “dəyişib yerini bəlkə qış-bahar, qarışıb dünyanın şəhəri, kəndi” misralarında ifadəsini tapan durumun təsiri ilə formalaşıb.

İstər Şah, istərsə də molla rejiminin hansı tarixi şəraitdən irəli gələrək qərarlaşdığının, nə üçün bir-birilərini əvəzlədiklərinin səbəblərini gözəl bilirik. Onların kimlər, hansı qüvvələr tərəfindən, hansı məqsədlə ortaya atıldığını da həmçinin. Belə nəticəyə gəlirik ki, imperialist qüvvələrin Yaxın Şərq üzrə planlarında yer aldığına görədir ki, İran heç zaman İslam həmrəyliyi prinsipindən çıxış etməyib, əksinə, birliyə zidd davranıb.

Onu da deyək ki, qloballaşmanın aktual əhəmiyyət daşıdığı, iqtisadi maraq və mənafelərin ön planda dayandığı hazırkı zaman kəsiyində dini birlik məsələsini qabartmaq bəlkə bir o qədər yerinə düşmür. Əslində, xristian birliyi anlayışı da mahiyyətcə əhəmiyyətini itirmiş durumdadır. Amma o mahiyyət qalır. Həm də ona görə qalır ki, İranın İslam həmrəyliyi adı altındakı “fəaliyyəti” var.

Təcrübə göstərir ki, dünyada xristian həmrəyliyi avantürası, böyük ölçüdə, İranın formalaşdırırmış kimi davrandığı müsəlman təəssübkeşliyinə, sanki, müqavimət ruhludur. Görəsən, belə bir müqavimət lazım idimi? Niyə İran adlı məmləkət bu cür xoşagəlməz ampluada çıxış etdi? Cavab çox sadədir: İranda xalq kütlələrindən uzaq molla rejimi hökm sürür. Ortaya daha bir sual çıxır: İran müsəlman həmrəyliyinə çalışırdısa, nə üçün qonşusu müsəlman Azərbaycanın torpaqlarının işğalına səssiz yanaşdı? Əslində, sualın cavabı sadədir: Molla rejimi Azərbaycanı müstəqil dövlət kimi görmür.

Məlumdur ki, İran işğalçı Ermənistanla işbirliyini möhkəmləndirdi, hətta Qarabağdakı xunta rejiminin qoruyucusu kimi çıxış etdi. Ona görə ki, Ermənistan adlı dövlət, ümumən, ermənilik imperialist qüvvələrin türk-müsəlman coğrafiyasını bölmək üçün müəyyənləşdirdiyi siyasətin nəticəsi idi. Molla rejimi də mahiyyətcə həmin siyasət naminə çalışdı. Bu siyasət İrandakı xalqların maraq və mənafelərini qətiyyən əks etdirmir. O xalqların ki, vaxtaşırı qaldırdıqları etirazlar qan içində boğulur. Ona görə boğulur ki, molla rejiminin mahiyyətində nankorluq var. Axı dövlətçilik təfəkküründən uzaq mollalar üçün yalnız qəddarlıq və zülm əsasdır. Onların başlıca fəaliyyət qayələri tiranlıqdır.

Baxın, İsrail və ABŞ-la müharibə şəraitində olan İran Azərbaycana silah tuşlayır. Digər İslam ölkələrinin də hədəfə götürüldüyünü gördük. Bu yerdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın bir neçə gün öncə dilə gətirdiyi haqlı fikri xatırlayaq. XİN rəhbərinin sözlərindən gəlinən qənaət budur ki, İran rejimi özünün mövcud olmadığı dünyada kimsənin, yəni hansısa başqa dövlətin varlığını qəbul etmir. Ona görə də müsəlman dövlətlərini nişangaha çevirir. O dövlətlərə ki, dünyanın enerji təminatında rol oynayırlar, qlobal iqtisadi sistemdə yer alırlar.

Tutalım, hansısa dövlətdə ABŞ-ın, yaxud İsrailin hərbi bazaları var. Mütləqdirlərmi ki, həmin dövlətdə İrana qarşı atəş nöqtəsi olsun? Var idimi belə bir sübut ki, İran onu əsas sayıb cavab tədbirləri görsün? Xeyr! Deməli, söhbət heç də ölkəni hədəfə alanların susdurulmasından getmir. Yəni Türkiyə rəsmilərinin İranın hərəkətlərinin dünyanın iqtisadi düzəninin pozulacağına, qlobal ticarət zəncirinin qırılmasına gətirib çıxaracağına dair fikirlərinin aktuallığını görürük.

Gələk yenidən Azərbaycanın üzərinə. İranın Naxçıvana PUA hücumunda muxtar respublikanın hava limanının hədəfə götürüldüyünə şahidlik etdik. Molla rejiminə yaxşı məlumdur ki, Naxçıvana hazırda yeganə yol havadandır. Hava limanının təhlükəyə düşməsi isə o yolun bağlanması və qədim diyarımızın iflic duruma düşməsi deməkdir. Görəsən, bu, kimin nəyinə lazımdır?

Məgər Naxçıvan İranın hədəfə götürüldüyü məntəqədir? Əlbəttə ki, yox! Amma muxtar respublikanın Azərbaycan üçün həm mənəvi, həm də strateji baxımdan mühüm məkan olduğu hər kəsə yaxşı bəllidir. Deməli, mollalar ölkəmizə hədə-qorxu gəlmək, “Azərbaycana rahatlıq yoxdur” mesajını vermək barədə düşünüblər. Üstəlik, Naxçıvanın Türk dünyası, bütövlükdə, beynəlxalq aləm üçün mühüm məntəqə əhəmiyyəti də var.

Sonda İslam həmrəyliyi barədə yenidən söz açaq. Nəzərə alaq ki, İranın “xidmətlərinin” nəticəsidir ki, hazırda həmrəyliyin İslamiyyət tərəfi ciddi zərərlə üzləşib. Çünki dünya İslam həmrəyliyini dini fanatikliyin tərənnüm platforması qismində təsəvvürə gətirir. Bu təsəvvürlə dinimizə, obrazlı desək, terrorçuluq libası geydirilir.

Azərbaycanın timsalında isə beynəlxalq aləm İslamın fərqli, son dərəcə mütərrəqi, hər cür mövhümatdan uzaq modeli ilə tanış olur. Dünya ölkəmizi sülh və əmin-amanlıq məkanı kimi tanıyır. Molla rejimi bizi həm də buna görə qəbul etməyib, Azərbaycanda bəslədiyi agentura şəbəkəsi vasitəsilə vəziyyətə təsir göstərməyə, şiə fundamentalizmini alovlandırmağa çalışıb. Çalışıb ki, ölkəmiz beynəlxalq aləmin nəzərində elə İranın özü kimi qəbul edilsin, ətrafa qorxu və təşviş saçsın. Əlbəttə ki, istəyinə nail ola bilməyib və bilməyəcək də.

İrandakı molla rejiminin, habelə, rejimin respublikamızdakı qulbeçələrinin bütün səylərinə baxmayaraq, dünya müasir, müstəqil və dünyəvi Azərbaycanla həmrəy və həmfikirdir. Azərbaycan regionun sabitlik adasıdır. Elə bir ada ki, dünya üçün də mühüm əhəmiyyətə malikdir. Belə əhəmiyyətlilik isə əlahiddə statusdur. Bu status dövlətimizin, şəxsən Prezident İlham Əliyevin müstəsna siyasi səriştə və bacarığının mükəmməl nəticəsidir. Bu status əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş kursun təntənəsidir. Ulu öndərin təbirincə desək, Azərbaycan dünyaya günəş kimi doğur. Azərbaycan günəşi dünyanı özünün səmimiyyət dolu həmrəyliyi ilə isidir. Ona görə beynəlxalq aləm İranın Naxçıvana namərd hucumuna biganə qalmır. Günəşdən gizlənənlər isə yarasalardır.

Ə.RÜSTƏMOV
XQ

Chosen
43
1
xalqqazeti.az

2Sources