EN

İranla bağlı yeni böhran siqnalı Azərbaycana da yaxınlaşır

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“The Financial Times” nəşrinin məlumatına görə, ABŞ və İsrailin İranla davam edən müharibəsi qlobal ərzaq bazarında ciddi böhran yarada bilər. 

Azərbaycan bu böhrana hazırdırmı?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, İranla müharibənin qlobal ərzaq böhranına səbəb olma ehtimalı var və bu risk kifayət qədər yüksək qiymətləndirilir:

“Bunun əsas səbəblərindən biri logistika zəncirlərinin pozulmasıdır. Neftin, eləcə də regional ərzaq və digər malların daşınması ilə bağlı logistikanın dağılması bir çox ölkələr kimi Azərbaycana da təsir göstərə bilər. Ölkəmiz bu logistika sisteminin bir hissəsidir. Neft qiymətlərinin artmasından müəyyən dərəcədə fayda əldə etsə də, logistika zəncirindəki problemlər ölkə iqtisadiyyatına mənfi təsir edir. Məsələn, Çindən Azərbaycana gələn malların bir hissəsi İran üzərindən daşınırdı. Hazırkı şəraitdə isə bu yüklər daha uzun və baha marşrutlarla daşınmalı olacaq ki, bu da məhsulların maya dəyərinin artmasına səbəb olacaq. Digər tərəfdən, neft qiymətlərinin yüksəlməsi qlobal miqyasda gübrə qiymətlərinin artmasına gətirib çıxarır. Bu isə kənd təsərrüfatı məhsullarının və nəticə etibarilə ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olur. Ən həssas bölgələrdən biri Körfəz ölkələridir. Bu ölkələr neft ixracatçısı olsalar da, mövcud vəziyyətdə neft qiymətlərinin artımından tam faydalana bilməyə bilərlər. Çünki onların neft ixracının böyük hissəsi məhz Körfəz üzərindən həyata keçirilir. Eyni zamanda bu ölkələr, xüsusilə ərzaq məhsulları üzrə idxaldan ciddi dərəcədə asılıdır. İran istisna olmaqla, bir çox ərəb ölkələri ərzağın böyük hissəsini xaricdən idxal edir”.

Elçin Rəşidov

İqtisadçı bildirib ki, bənzər vəziyyət Afrikanın bir sıra ölkələrində də müşahidə olunur:

“Hətta bəzi ölkələrdə ərzaq məhsullarının 90 faizə qədəri idxal hesabına təmin edilir. Nəqliyyat marşrutlarında problemlər yaranarsa, bir yandan çatdırılma çətinləşəcək, digər tərəfdən isə dünya bazarında qiymətlər daha da artacaq. Əgər dəniz daşımaları məhdudlaşarsa, ərzaq məhsullarının Körfəz ölkələrinə çatdırılması üçün yeni və daha uzun marşrutlar axtarılmalı olacaq. Bu isə həm çatışmazlığa, həm də qiymətlərin artmasına gətirib çıxara bilər. Xüsusilə gübrə qiymətlərinin yüksəlməsi taxıl və taxıl məhsullarının – çörək, makaron kimi əsas qidaların bahalaşmasına səbəb ola bilər. Taxıl həm də heyvan yeminin əsas komponentlərindən biridir. Buna görə də yem qiymətlərinin artması süd, ət və yumurta kimi məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. Eyni zamanda, gübrə qiymətlərinin artması meyvə-tərəvəz istehsalının maya dəyərini də artıracaq və nəticədə bu məhsulların qiyməti dünya bazarında, o cümlədən Azərbaycanda yüksələ bilər”.

Ekspertin sözlərinə görə, belə vəziyyət bütün dünyada olduğu kimi Azərbaycanda da xüsusilə aztəminatlı əhali üçün daha ciddi təsir yaradır:

“Çünki bu qrupun istehlak səbətində ərzaq məhsullarının payı daha böyükdür. Bundan əlavə, enerji qiymətlərinin artması bir çox ölkələrdə kommunal xərclərin də yüksəlməsinə səbəb ola bilər. Bu isə dolayısı ilə kənd təsərrüfatı məhsullarının ümumi maya dəyərinin artmasına gətirib çıxarır. Azərbaycanda taxıl üzrə müəyyən strateji ehtiyatlar mövcuddur və ehtiyat anbarlarında saxlanılır. Lakin bu ehtiyatlar tədricən istifadə olunduqca onların yenidən doldurulması daha baha qiymətə başa gələ bilər. Üstəlik bu mexanizm əsasən taxıla aiddir və digər kənd təsərrüfatı məhsullarını tam əhatə etmir.

Azərbaycan ərzaq buğdasının böyük hissəsini Rusiyadan və Qazaxıstandan idxal edir. Gübrə və heyvan yemi də əsasən xaricdən gətirilir. Buna görə qlobal qiymət artımları ölkəyə də təsir göstərəcək. Bununla belə, Azərbaycanın ərzaq idxalı üzrə əsas marşrutları Körfəz regionundan keçmir. Bu baxımdan tədarük kanallarının tam dayanması ehtimalı aşağıdır. Lakin qlobal qiymət artımından tam sığortalanmaq mümkün deyil və məhsullar daha baha olsa da, alternativ kanallar vasitəsilə ölkəyə daxil olacaq”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
globalinfo.az

2Sources