EN

Dövlət belə fəaliyyəti bağışlamaz

Baxıram ki, bəzi vətəndaşlarımız sosial mediada, bəzən birbaşa, bəzən də müxtəlif paylaşımların altında açıq şəkildə İran rejiminin mövqeyini müdafiə edir, onun xeyrinə kampaniyalar aparırlar.
Bəzən isə hətta bəzi sosial resursların belə addımlar atdığı, ictimai rəyi çaşdırmağa yönəlik addımlar atdığı müşahidə olunur.
Doğrusu, buna baxanda çox təəccüblənirəm və məəttəl qalıram.
Regionda amansız bir müharibənin getdiyi bir zamanda, Azərbaycana və Türkiyəyə İrandan dron və raket hücumlarının baş verdiyi, dövlət başçısının əmri ilə Azərbaycan Ordusunun döyüş hazırlığı vəziyyətinə gətirildiyi, sərhədlərin bağlandığı və diplomatik korpusun təxliyə olunduğu, eyni zamanda DTX-nın İranla əlaqəli terror şəbəkələrini zərərsizləşdirdiyi bir vaxtda bəzi insanlar sanki baş verənləri görmürmüş kimi davranırlar.
Sanki uzun illər Azərbaycana qarşı aqressiv mövqe sərgiləyən İran rejimi olmayıb. Sanki Azərbaycanın güclənməsini və regionda müstəqil siyasət aparmasını qəbul etmək istəməyən də onlar olmayıb. 30 il ərzində torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistana açıq və gizli dəstək verən sanki başqa bir dövlət olub. Uzun illər milyonlarla soydaşlarımızın azadlıq mübarizəsini boğan sanki bu rejim olmayıb.
Buna baxmayaraq, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, bütün qonşuları ilə normal münasibətlərdə maraqlıdır. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan ərazisi heç bir ölkə tərəfindən İrana qarşı istifadə olunmayacaq.
Lakin Azərbaycanın ərazi bütövlüyünün pozulması və ölkəyə qarşı hər hansı hücum heç vaxt qəbul edilə bilməz.
Naxçıvana edilən dron hücumu ilə bağlı isə indiyədək İran tərəfindən ağlabatan və aydın izahat verilməyib.
Belə bir vəziyyətdə bəzi vətəndaşlarımız tərəfindən sosial mediada İran rejiminin təbliğatını aparmaq və onun mövqeyini müdafiə etmək ən azı milli maraqlarla uzlaşmayan davranışdır. Düşünürəm ki, indi çox ayıq-sayıq olmalı və milli maraqlara uyğun mövqe sərgilənməli bir məqamdır.
Əlbəttə, hər bir vətəndaşın sərbəst fikri ola bilər.
Amma məhz bu cür həssas bir dövrdə, regionun taleyinin müəyyənləşdiyi bir anda, Azərbaycanda yaşayıb onun vətəndaşı olaraq İran rejimi üçün açıq təbliğat aparmaq, onun maraqlarını müdafiə etmək və sosial mediada bu istiqamətdə təsir şəbəkəsi formalaşdırmağa çalışmaq heç bir dövlətdə qəbul edilən normalfəaliyyət deyil.
Heç bir dövlət belə fəaliyyəti bağışlamaz.
Bəlkə indi baş qarışıqdır, amma unutmaq olmaz ki, hər şeyin izi qalır.

Osman GÜNDÜZ

Chosen
51
aznews.az

1Sources