"Haber Global" telekanalında yayımlanan verilişdə Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycanın İranla dövlət sərhədinə guya ağır silahlar yerləşdirilməsi haqqında yayılan açıqlamaya yer verilib.
Moderator.az xəbər verir ki, verilişdə ekspert qismində çıxış edən qonaqlar açıqlamanın çox mühüm olduğuna diqqət çəkiblər.
Onlar belə bir hadisənin mümkün ola bilməyəcəyini vurğulayıblar. Qeyd edilib ki, xüsusən sosial şəbəkələrdə bu tip təxribat xarakterli informasiyalar geniş yayılmaqdadır.
Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir ki, sosial şəbəkələrdə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə guya Azərbaycan Ordusuna məxsus ağır silahların yerləşdirilməsi haqqında paylaşım mahiyyəti bilərəkdən təhrif olunmuş informasiya manipulyasiyasıdır.
Qeyd olunub ki, bu ilin yanvar ayında hərbi texnikanın yerdəyişmə prosesini əks etdirən həmin görüntünün yönləndirici ifadələrlə yeni "fakt" kimi təqdim edilməsi ictimai rəyi çaşdırmaq məqsədi güdür.