Birinci və ikinci Vətən Müharibəsində Azərbaycana hər cür pislik etdilər, erməniyə bütün mənəvi və maddi dəstəyi göstərdilər, Qarabağı son kərpicinə qədər taladılar, daşıdılar, apardılar, satdılar, amma söhbət düşəndə üzümüzə "qırmızı-qırmızı” qayıtdılar ki, biz neytralıq, tərəfsizik, qarışmırıq...
Uzun illər boyunca Bakı kəndlərini, cənub zonasını din adı altında "özününküləşdirməyə”, bölgələrdə təxribatlar törətməyə, suverenliyimizə hər vəchlə kölgə salmağa çalışdılar, amma məqamı gələndə boyunlarına qoya bilmədik, dedilər yalan söhbətdir, sizə elə gəlir, ortalıqda heç bir problem-filan yoxdur.
Öz ərazilərini az qala rəsmi narkotranzitə çevirdilər, hər yerdə uyuşdurucu maddələrin sertifikatlı istehsalçısı kimi tanındılar, böyük bir "bariqa” ordusu ilə bütün ətraf (qonşu) dövlətlərin həyatına çökdülər, nə qədər insanın axırına çıxdılar, nə qədər ailəni başsız qoydular, amma kimsə bir söz deyəndə acizanə surət alıb buyurdular ki: "O nə söhbətdir, ağa, biz islam, din, iman əhliyik, molla rejimi hara, narkotik hara?”
Ölkəmizə yüzlərlə agent yerləşdirdilər, hər dönəmdə, hər seçkidə, hər kvartalda, hər fəsildə min cür fitnəyə imza atdılar, 90-ların sonunda qırıcı təyyarələrlə hava sərhədimizi pozdular, bir neçə il öncə səfirliyimizdə düzənlənən terror aktına (konkret) şərait yaratdılar, uzun müddət (müstəqil olduğumuzdan bəri) siyasətimizə burunlarını soxdular, Azərbaycan hökumətinə, Parlamentinə dil uzatdılar, Sabir Rüstəmxanlıya, Fazil Mustafaya ölüm hökmü (cəzası) kəsdilər, ikinciyə sui-qəsd etdilər, amma soruşanda, sorğulayanda cavab verdilər ki, başqasının işidir, provokasiyadır, təxribatdır. Lap bədəbəddə iftiradır.
Və...İndi də Naxçıvanı vurublar. Dünən. Dronla.
SEPAH deyir, bizlikdir və tərəfimizdən ilk xəbərdarlıqdır.
Rejimin digər məmurları (məsələn, xarici işlər naziri) isə məlum xəbəri yalanlayır və tam əks bir şey söyləyir.
Hə, anlayıram, panik durumdadırlar, başlarını (hər mənada) itiriblər, ortada ciddi bir rabitəsizlik hökm sürür.
Fəqət, dronmu deyim, PUA-mı deyim, hər nədirsə, İran ərazisindən gəlib axı...
Özləri atıbsa, ayıbları, qələtləri, günahları və cinayətləridir.
Yox əgər, başqası bunların ərazisindən atıbsa, o zaman daha pis: Yuxarıda sadaladıqlarımın üzərinə bir də rəzalət, kəsafət və zillət epitetlərini əlavə edək...
***
Nankorlar! Fürsətcillər!
İblis xislətli molla rejimi!
Tək bildiyim odur ki, Tramp sizə nə edirsə, düz edir, haqq edir, hətta az edir...
Çünki hər yaxşılığa pisliklə cavab verənlərin, din pərdəsi (maskası) altında yüz oyundan çıxanların, uşaq qatillərinin, vandalların, yaramazların, xəbislərin öhdəsindən gəlməyin tək yolu budur!
Çünki belələrinin güc, zopa və yumruqdan savayı anladığı heç nə yoxdur!
Çünki, bənzər quruluşlar öz mövcudluğunu saxladıqca, bu dünyada hər şey tərsinə dövr edəcək, insanlıq və hüquq adına yaranmış bütün dəyərlərin hökmü, hörməti kölgə (eyni zamanda şübhə) altında qalacaq.
Nəhayət;
Çünki yüz milyonların əbədi xilası üçün 10-15 gün müharibə aparmağa, hətta gərəkirsə, müəyyən cizgiləri ehtiyatla, ehmalca keçməyə, bəzi narkobaronları, cəlladları, ümumbəşəri PİSLİKLƏRİ xüsusi üslub, təbir və qayda ilə cəzalandırmağa dəyər.
Necə ki, bunu Tramp edir...
Daha dəqiq desəm: Necə ki, bunu Tramp ən doğru və ən ideal formada edir!
Elşən Musayev,
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri