EN

“Həqiqətən də bundan böyük nankorluq olar, İran etdi?!”...



Bəhruz Quliyev: “Prezident Əliyevin “nankorluq” ifadəsi əslində yaranmış vəziyyətin siyasi və mənəvi tərəfini ifadə edir”

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib ki, İranın törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir:

“Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir”.

Həqiqətən də bu, İran tərəfindən göstərilən böyük nankorluqdur. Azərbaycan bu ölkənin ağır günündə dini liderin ölümü ilə bağlı ən yüksək səviyyədə başsağlığı verir, İran isə Naxçıvana dron zərbəsi endirir.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev hesab edir ki, İran tərəfindən atılan addımlar ciddi suallar doğurur: “Cənab İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlər əslində yaranmış vəziyyətin siyasi və mənəvi mahiyyətini çox aydın şəkildə ortaya qoyur. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın nümayiş etdirdiyi humanist və diplomatik davranışa baxmayaraq, İran tərəfindən atılan addımlar ciddi suallar doğurur. Məlumdur ki, İranın dini liderinin ölümü ilə bağlı yaranmış vəziyyətdə Azərbaycan yaxşı qonşu, humanitar və diplomatik etika baxımından yüksək səviyyədə mövqe nümayiş etdirdi. Dövlət başçısı səviyyəsində başsağlığı verilməsi, Xarici İşlər Nazirliyi vasitəsilə rəsmi təmasların qurulması və hətta Prezidentin şəxsən İran səfirliyinə gedərək başsağlığı verməsi region diplomatiyasında nadir rast gəlinən jest kimi qiymətləndirilə bilər. Bu addım sadəcə diplomatik protokol deyil, eyni zamanda qonşuluq münasibətlərinə və humanitar dəyərlərə hörmətin göstəricisi idi. Xüsusilə qeyd olunmalıdır ki, bir çox dövlət başçıları belə addım atmadığı halda, Azərbaycanın dövlət rəhbərliyi bu humanist mövqeyi nümayiş etdirdi”.

Politoloqun fikrincə, Azərbaycanın bu addımlardan sonra İranın Naxçıvana dron hücumları yaranmış vəziyyəti tamamilə fərqli müstəviyə çıxarır: “Belə bir addım təkcə hərbi və siyasi məsələ deyil, eyni zamanda diplomatik münasibətlər və qonşuluq prinsipləri baxımından ciddi suallar yaradır. Hesab edirəm ki, bu cür hərbi təxribat beynəlxalq münasibətlərdə qəbul olunmuş normalara və dövlətlərarası etimad prinsiplərinə zidd addım kimi qiymətləndirilir. Dövlətlər arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanmalıdır. Xüsusilə qonşu ölkələr arasında gərginliyin artırılması region üçün təhlükəli nəticələr doğura bilər. Bu baxımdan Prezident İlham Əliyevin “nankorluq” ifadəsi əslində yaranmış vəziyyətin siyasi və mənəvi tərəfini ifadə edir. Çünki Azərbaycanın göstərdiyi humanist mövqeyə qarşı hərbi xarakterli addımların atılması diplomatik etikaya uyğun davranış kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, Azərbaycan regionda sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı kimi çıxış edir və bu mövqeyini dəfələrlə nümayiş etdirib. Eyni zamanda Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər güclü dövlət və orduya malikdir, istənilən təhdidlərə qarşı adekvat addımlar atmaq imkanına sahibdir. Regionda baş verən bu hadisələr təkcə hərbi və siyasi məsələ deyil, həm də dövlətlərarası münasibətlərdə etika, etimad və qarşılıqlı hörmət məsələsinin sınağa çəkildiyini göstərir. Bu baxımdan yaranmış vəziyyətin məsuliyyəti və onun doğura biləcəyi nəticələr ilk növbədə bu addımları atan tərəfin üzərinə düşür”.

Vidadi ORDAHALLI

Chosen
30
baki-xeber.com

1Sources