EN

Aktyorluq sınaqları uğursuzluqla nəticələnən 10 tanınmış musiqiçi

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bir çox musiqiçi səhnədə böyük populyarlıq qazandıqdan sonra kino aləmini də fəth etməyə çalışır. Lakin aktyorluq sənəti tamamilə fərqli bacarıqlar tələb edir və hər pop ulduzu kamera qarşısında inandırıcı görünə bilmir.

Lent.az xarici mediaya istinadən aktyorluq sınaqları uğursuzluqla nəticələnən 10 tanınmış musiqiçinin hekayəsini təqdim edir.

"Maroon 5" qrupunun solisti Adam Levin "Yenidən başla"  musiqili dramı ilə kinoda debüt edib. Filmdə o, uğur qazandıqca sevgilisindən uzaqlaşan məşhur musiqiçi obrazını canlandırıb. Özünəvurğun pop ulduzu obrazının Levinə ideal şəkildə uyğun gələcəyi gözlənilsə də, tənqidçilər onun ekranda kifayət qədər sıxıldığını qeyd ediblər. Mark Ruffalo kimi təcrübəli aktyorların yanında müğənni solğun və xarizmadan məhrum görünüb. Onun personajı mürəkkəb emosiyalar oyatmalı olsa da, nəticədə kifayət qədər bəsit və sönük təsir bağışlayıb.

Britaniyalı müğənni Ed Şiranın "Taxtların oyunu" (Game of Thrones) serialındakı qısa çıxışı isə böyük tənqid dalğasına səbəb olub. Tonqal başında mahnı oxuyan əsgər rolunda görünən Şiran, izləyicilərin fikrincə, serialın atmosferini pozub. Tamaşaçılar ekranda uydurma dünyanın qəhrəmanını deyil, sadəcə əzbərlədiyi mətni oxuyan tanınmış bir musiqiçini görüblər.

Bənzər bir aqibəti Cessika Simpson da yaşayıb. "Hazzardlı dəcəllər" (The Dukes of Hazzard) komediyasında Deyzi Dük rolunu ifa edən Simpsonun oyunu inamsız hesab edilib. Onun obrazı sadəcə qısa şortda cəlbedici bir sarışın olmaqdan o yana keçə bilməyib və aktyorluq bacarığı olduqca səthi qalıb.

Rihanna "Dəniz döyüşü" (Battleship) fantastik döyüş filmində hərbi mütəxəssis rolunda debüt etsə də, bu addımı uğursuz sayılıb. Filmin özü mənfi rəylər alsa da, Rihannanın oyunu xüsusi olaraq qeyri-təbii adlandırılıb. Müğənni hətta "Ən pis ikinci plan qadın rolu" nominasiyasında "Qızıl moruq" anti-mükafatına layiq görülüb.

Merayya Kerinin "Parıltı" (Glitter) filmindəki baş rolu isə 2000-ci illərin əvvəllərinin ən böyük uğursuzluqlarından biri kimi tarixə düşüb. Həm süjet xətti, həm də Kerinin oyunu tənqidçilər tərəfindən darmadağın edilib. Sonralar müğənni özü də etiraf edib ki, film onun təsəvvür etdiyindən tamamilə fərqli alınıb.

Hətta rok-n-rolun əfsanəsi Elvis Presli də ciddi aktyor olmaq arzusu ilə "Məni zərif sev" (Love Me Tender) vesternində debüt edib. Pərəstişkarları arasında film populyar olsa da, mütəxəssislər Preslinin aktyorluq istedadının kifayət qədər olmadığını vurğulayıblar. O, tez-tez kamera qarşısına təsadüfən düşmüş musiqiçi təsiri bağışlayıb.

Ceri Holliuelin "Böyük şəhərdə seks" (Sex and the City) serialındakı bir neçə saniyəlik çıxışı da tənqidlərdən yayına bilməyib. İzləyicilər onun qəribə aksentini, qeyri-təbii replikalarını və həddindən artıq şişirdilmiş oyun tərzini süni hesab ediblər.

Herri Staylzın aktyorluq karyerası "Dünkerk" hərbi dramı ilə perspektivli başlasa da, sonrakı "Mənim polisim" və "Əzizim, narahat olma" filmlərində tənqidçilər onun imkanlarının məhdud olduğunu qeyd etməyə başlayıblar. Təcrübəli həmkarları ilə müqayisədə Staylzın performansı xeyli zəif görünüb.

Britni Spirsin baş rolda oynadığı "Yolayrıcı" (Crossroads) gənclik dramı pərəstişkarları tərəfindən kult statusu alsa da, peşəkar tənqidçilər Spirsin oyununu sıxılmış və inamsız kimi qiymətləndiriblər.

Nəhayət, pop musiqisinin kralı Maykl Ceksonun "Qara geyimli adamlar 2" (Men in Black 2) filmindəki qısa çıxışı da yaddaşlarda müsbət iz qoymayıb. Ceksonun mətni sadəcə ssenaridən oxuduğu hiss olunub və bu səhnə gülməli olmaq əvəzinə daha çox qəribə təsir bağışlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
84
1
lent.az

2Sources