EN

"Azərbaycan PUA-ları Naxçıvana yönəldən şəxslərin müəyyən edilərək cəzalandırılmasını gözləyir" - Polkovnik

Xəbər verdiyimiz kimi, ötən gün İranın Naxçıvana PUA hücumlarından sonra Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövət başçısı iclasda tapşırıq verib ki, bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirdi ki, proseslər bizim qonşu ölkədə olduğundan Azərbaycan da riskləri nəzərə alaraq müəyyən tədbirlər həyata keçirir:

"Təbii ki, bu tədbirlərin əsas yükü Sərhəd Xidmətinin və Azərbaycan Ordusunun üzərinə düşür. Silahlı Qüvvələrin tərkibində olan bütün güc strukturları yaranmış vəziyyəti və mümkün riskləri öz sahələri üzrə qiymətləndirərək əlavə tədbirlər paketi hazırlayırlar. Bu kimi tədbirlər əslində əvvəlcədən də nəzərdə tutulur. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da müvafiq qurumlar qonşu ölkələrdə baş verən proseslərin ölkənin müdafiə və təhlükəsizliyinə təsir edə biləcək tərəflərini təhlil edir və bunun əsasında görüləcək tədbirləri müəyyənləşdirirlər. Əvvəlcə verilən tapşırıqlar daha çox qaçqınların gəlişi və humanitar məsələlərlə bağlı idi. Lakin müharibə başlayandan sonra Azərbaycan sərhəd ölkəsi kimi riskləri nəzərə alaraq əlavə gücləndirmə tədbirləri həyata keçirir. Bu səbəbdən cənab Prezident, Ali Baş Komandan olaraq, Naxçıvan Muxtar Respublikasına dronların düşməsi ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib və zəruri tapşırıqlar verib. İclasda Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti və xüsusi xidmət orqanlarının rəhbərləri iştirak edərək görülən tədbirlər barədə məruzə ediblər. Bunun əsasında cənab Prezident İlham Əliyev Azərbaycanın həm təhlükəsizlik, həm də diplomatik istiqamətdə addımlar atdığını qeyd edib. Xarici İşlər Nazirliyi səfiri çağıraraq ona nota təqdim edib".

Onun sözlərinə görə, Azərbaycan tərəfi İranın üzr istəməsini və dronları ölkə ərazisinə yönəldən şəxslərin müəyyən edilərək cəzalandırılmasını gözləyir:

"Müharibə davam etdiyi üçün Azərbaycan İran istiqamətindən yarana biləcək riskləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirilmiş rejimdə davam etdirir. Müharibənin gedişindən asılı olaraq sərhədyanı bölgələrdə baş verən proseslər müvafiq qurumlar və Silahlı Qüvvələr tərəfindən izlənəcək və dövlətin təhlükəsizliyi təmin olunacaq".

Nuriyyə NATİQQIZI

Chosen
68
1
redaktor.az

2Sources