EN

Tədris proqrama uyğun davam edir Yaxınlığına İran dronu düşən məktəbdən REPORTAJ VİDEO

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 6 mart, AZƏRTAC

İran ərazisindən Naxçıvan Muxtar Respublikasına atılan dronlardan birinin yaxınlığına düşdüyü Babək rayon Şəkərabad kənd tam orta məktəbində tədris proqrama uyğun davam edir.

AZƏRTAC-ın bölgə müxbiri həmin məktəbdə olub, hadisənin şahidi olan müəllim və şagirdlərin təəssüratlarını öyrənib.

Hadisədən təsirlənən məktəbin riyaziyyat müəllimi Leyla Həsənova deyir ki, dünən təxminən saat 11:30 radələrində dərs zamanı qəflətən güclü partlayış səsi eşidilib: "Aeroport məktəbə yaxın olduğu üçün partlayışın həmin ərazidə baş verdiyini gördük. Dərhal şagirdləri təxliyə etdik və məktəbin həyətinə çıxardıq. Təxminən 7–8 dəqiqə sonra, təxliyəni tam başa çatdırmamış ikinci zərbə endirildi. Yaşadığımız panika, stres və qorxuya baxmayaraq, şagirdlərin təhlükəsizliyini tam təmin etdik".

Təhsil ocağının ingilis dili müəllimi Aytəkin Babayevanın sözlərinə görə, yaşanan hadisə pedaqoji heyət və şagirdlərin xatirində dərin iz buraxıb. Yaşananlara baxmayaraq, müəllimlər vəziyyəti nəzarətdə saxlayıb, şagirdlərin təhlükəsizliyi təmin edilib və onlar valideynlərinə təhvil veriliblər. O, eyni zamanda deyib ki, hazırda məktəbdə vəziyyət sabitdir. Tədris prosesi cədvələ uyğun şəkildə davam edir, şagirdlərə lazımi psixoloji dəstək göstərilir.

Hadisənin şahidi, VIII sinif şagirdi Münəvvər İsgəndərli isə bildirir ki, ötən gün müəllimlər onlara çox diqqət göstəriblər: “Onlar şagirdləri sürətli və ehtiyatlı şəkildə məktəbdən çıxarmağa başladılar. Siqnal verildikdən sonra biz məktəbin həyətində idik. Təxminən 5–10 dəqiqə sonra məktəbimizin yaxınlığında yenidən partlayış səsi eşidildi. Bildirildi ki, bu da İran tərəfindən atılan dronlardan biridir. Həmin anda hamımız çox həyəcanlı və qorxmuş vəziyyətdə idik".

Müəllim və şagirdlərlə söhbət zamanı məlum olub ki, dronun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşməsi onları narahat etsə də, tədrisdən uzaqlaşdıra bilməyib. Dövlətimizin məsələyə dərhal münasibət bildirməsi, mülki vətəndaşların hüquqlarının qorunması istiqamətində ortaya qoyulan kəskin mövqe məktəbin kollektivini bu çətin məqamdan daha asan çıxmağa, məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyə ruhlandırır. Onlar inanırlar ki, baş verən hadisə mütləq hüququ qiymətini alacaq.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
73
1
azertag.az

2Sources