EN

Qeydiyyatda olanları bu yolla çıxara bilərsiniz KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bir mənzildə bir neçə nəfərin qeydiyyatda olması gələcəkdə mülkiyyətçi üçün müxtəlif hüquqi problemlər yarada bilər. Xüsusilə də həmin şəxslərin evdən qeydiyyatdan çıxarılması məsələsi bəzən uzun və mürəkkəb prosesə çevrilir. Bəs belə hallarda qeydiyyatda olan şəxsləri mənzildən çıxarmaq hansı qaydada həyata keçirilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, bu məsələdə iki əsas nüans var və proses həmin şəxslərin kimliyindən asılı olaraq fərqli qaydada həll olunur.

Onun sözlərinə görə, ilk növbədə qeydiyyatdan çıxarılacaq şəxslərin mülkiyyətçi ilə qohum olub-olmaması müəyyənləşdirilməlidir.

“Əgər mülkiyyətçinin qeydiyyatdan çıxarmaq istədiyi şəxslər onun qohumudursa, bu halda mülki qaydada məhkəməyə müraciət edilir. Məhkəmə həmin şəxslərin mənzildə yaşamaq hüququnun olub-olmamasını araşdırır. Bundan sonra onların kompensasiya ödənilməklə və ya kompensasiya ödənilmədən qeydiyyatdan çıxarılması məsələsinə qiymət verilir”, – deyə hüquqşünas qeyd edib.

Toğrul Məmmədovun sözlərinə görə, bu məsələdə həmin şəxsin mənzilə nə vaxt qeydiyyata düşməsi də mühüm rol oynayır. Qeydiyyat tarixindən asılı olaraq qanunun tətbiqi və qeydiyyatdan çıxarma əsasları dəyişə bilər.

“Məsələn, şəxs 1990-cı illərdə mənzilə qeydiyyata düşüb və 6 aydan artıq müddətdə orada yaşamırsa, məhkəmə bu əsasla onun qeydiyyatdan çıxarılmasına qərar verə bilər. Əgər şəxs həmin evdə faktiki olaraq yaşayırsa, bu zaman məhkəmə kompensasiya ödənilməsi ilə onun yaşayış hüququna xitam verir”, – deyə o, bildirib.

Hüquqşünas əlavə edib ki, kompensasiyanın məbləği mənzilin yerləşdiyi ərazidəki kirayə qiymətlərinə əsasən müəyyən edilir.

“Adətən kompensasiya həmin ərazidəki orta kirayə haqqının 36 aylıq məbləği əsasında hesablanır”, – deyə o, vurğulayıb.

Ekspert digər bir halın isə köhnə mülkiyyətçidən qalan qeydiyyatçılarla bağlı olduğunu bildirib.

“Yəni mənzildə qeydiyyatda olan, lakin yeni mülkiyyətçi ilə qohumluğu olmayan şəxslər. Belə hallarda əvvəlcə Daxili İşlər Nazirliyinin ərazi üzrə rayon polis idarəsinə müraciət edilir. Polis orqanları adətən bu müraciəti təmin etmir və imtina qərarı verir. Bundan sonra vətəndaş həmin imtina qərarından inzibati məhkəməyə şikayət edir və polisin üzərinə həmin şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulmasını tələb edir”, – deyə Toğrul Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, belə hallarda kompensasiya nəzərdə tutulmur və məhkəmələr, adətən, xüsusi mübahisəli vəziyyət yoxdursa, bu iddiaları təmin edir.

“Məhkəmə qərarından sonra həmin şəxslər qeydiyyatdan çıxarılır və müvəqqəti olaraq polis idarəsinin inzibati binasında qeydiyyata salınırlar. Daha sonra isə istədikləri başqa ünvanda qeydiyyata düşə bilərlər”, – deyə hüquqşünas bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
76
1
konkret.az

2Sources