EN

AFFA “Qarabağ”ı 8700, “Neftçi”ni 5700 manat cərimələdi – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 22-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Premyer Liqa, 22-ci tur

“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə Gəncə komandası 8000 manat cərimə edilib. “Sumqayıt”ın azarkeşləri tərəfindən də rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə sözügedən komanda 7000 manat cərimə edilib. Oyunun 62-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 500 manat cərimə ödəyəcək.

“Şamaxı” – “Neftçi” oyununda “Neftçi”də 5 nəfər sarı vərəqə aldığı üçün paytaxt komandası 700 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Neftçi” buna görə 5000 manat cərimə edilib. “Neftçi”nin texniki zonasının üst hissəsi, eyni zamanda “Neftçi”nin azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər paytaxt klubu tərəfindən qarşılanacaq.

“Turan Tovuz” – “İmişli” oyununda “Turan Tovuz”da 4 nəfər sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib.

“Qarabağ” – “Sabah” oyununda “Qarabağ”da 5 nəfər sarı vərəqə aldığı üçün Ağdam komandası 700 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Ağdam klubu 8000 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
153
8
arena.az

10Sources