EN

Məşhur aktyorla nazirliyin şöbə müdiri arasında Türkiyəyə səfər qalmaqalı: məhkəmə qərar verdi

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor İftixar Piriyev Mədəniyyət Nazirliyində İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Vəfa Novruzovanı təhqir etməkdə təqsirli bilinib. Bununla bağlı onun haqqında hökm çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyilə çıxarılan hökmə əsasən, İftixar Piriyevə Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə bəraət verilib. Lakin o, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.

1965-ci il təvəllüdlü İftixar Piriyev uzun illər İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru olub. O, ötən ilin sentyabrında yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.

Mədəniyyət Nazirliyinin sektor müdiri Vəfa Novruzova məhkəməyə şikayətində göstərib ki, İftixar Piriyev özünün Facebook hesabındakı paylaşımlarında onun haqqında şərəf və ləyaqəti ləkələyən, təhqir xarakterli ifadələr işlədib. Həmçinin Mədəniyyət Nazirliyində keçirilən görüşdə onun ünvanına həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

İftixar Piriyev rəhbərlik etdiyi teatrın əməkdaşlarının Türkiyədə keçiriləcək tamaşada bu ölkənin dəvəti əsasında iştirakı barədə Mədəniyyət Nazirliyinə məktub göndərib. Bu səfər zamanı yalnız nəqliyyat və qida xərclərinin ödənilməsini xahiş edib. Lakin bu məsələdə onlara “yox” cavabı verilib.

Vəfa Novruzovanın şikayətində yazdığına görə, Mədəniyyət Nazirliyində görüş zamanı İftixar Piriyev imtina cavabına görə onu ittiham edib. Digər şəxslərin yanında bunları deyib: “Vəfa, bunlar sənin işindir. Sən qəsdən o xidməti məlumata əlavə xərclər yazmısan ki, məbləğ çoxalsın, nazir etiraz etsin”.

Şikayətçinin sözlərinə görə, İftixar Piriyev onu İrəvan Teatrının fəaliyyətinə mütəmadi maneələr törədib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, teatrın fəaliyyətinin dinamikasını pozmağa çalışmaqda ittiham edib.

Bundan başqa, sosial mediadakı paylaşımlarında onun ünvanına “könül bulandıran milçək”, “intriqant”, “danos verən, paxıl, qısqanc, ziyankar”, “Vəfa deyilən cadı” kimi aşağılayıcı ifadələr səsləndirib.

İftixar Piriyev isə məhkəmədə ifadə verərkən Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib. O bildirib ki, bədii rəhbəri olduğu İrəvan Dövlət Azərbaycan Dram Teatrının 40 illiyinin keçirilməsi ilə bağlı müzakirələr çərçivəsində Mədəniyyət Nazirliyinə dəvət olunub. Orada nazirliyin digər əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə müzakirələr zamanı onun nazirə ünvanladığı məktuba da toxunulub:

“Mən məktubda üç günlük səfərdə Türkiyə tərəfinin dəvəti əsasında iştirak etmək istədiyimizi, yalnız nəqliyyat və yemək xərcləri ilə təmin olunmağımızın kifayət etdiyini göstərmişdim. Vəfa Novruzova bu məktub barədə danışanda dedi ki, səfər baş tutmayacaq. Sonradan mənə aydın oldu ki, Vəfa nazirə məruzəı məktubuna bütün xərclərin Mədəniyyət Nazirliyinə həvalə olunmasını istədiyimizi qeyd edib. Mən bunun səbəbini soruşdum. Vəfa etiraf etdi ki, mənə qarşı qərəzlidir. Ona cavab verdim ki, bu cür davranışla özünü yandırarsan, məni yox, çünki mən bunu cənab nazirə bunu məruzə edəcəm. Mən onu təhdid eləməmişəm”.

Facebook hesabındakı təhqir xarakterli ifadələrin paylaşılmasına gəlincə, aktyor bu məsələdə də özünü təqsirli bilməyib. O bildirib ki, iş yerində kompüterinin parolu yoxdur. Kompüteri və orada da Facebook hesabı açıq olur. Ehtimal edir ki, onun özündən xəbərsiz hesabına daxil olub, həmin yazıları paylaşıblar.

İftixar Piriyev Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Lakin Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmayıb.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
94
bizimyol.info

1Sources