EN

Azərbaycan sülh və əməkdaşlıq mühitinin formalaşması üçün bütün zəruri addımları atır - RƏY

Bakı, 6 mart, AZƏRTAC

Vətən müharibəsindən və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatından sonra ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da, Azərbaycan xalqı böyük və tarixi Qələbə qazandı. Bu gün biz qalib xalq olmağın qürurunu yaşayırıq. Bunun ardınca regionda sülhün təmin olunması istiqamətində mühüm addımlar atıldı. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandı. Bu hadisə regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycan həm ölkə daxilində, həm də regionda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün bütün zəruri addımları atır. Bu dövr Azərbaycan üçün tarixi bir mərhələdir. Ölkəmiz həm regionda, həm də dünyada sülh və əməkdaşlıq missiyasını həyata keçirən dövlətlərdən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu istiqamətdə mühüm nailiyyətlər əldə edib.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni deyib.

O bildirib ki, bu gün Azərbaycan Böyük Qayıdış dövrünü yaşayır: “İşğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Bu işlər imkan verir ki, illərlə doğma yurdlarından didərgin düşmüş insanlar yenidən öz evlərinə qayıtsınlar. 30 il işğal və məcburi köçkünlük həyatı yaşayanlar bu gün Böyük Qayıdışın sevincini yaşayırlar. Böyük Qayıdış və quruculuq prosesinin tərkib hissəsi kimi Xocalı şəhərinin və kəndlərinin yenidən qurulması xüsusi tarixi əhəmiyyət daşıyır. Xocalı Soyqırımı Muzeyinin açılması da bu baxımdan mühüm hadisədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həmin açılış mərasimində iştirak etməsi tarixi ədalətin bərpasının rəmzi kimi qiymətləndirilir. Xocalı Azərbaycan xalqının ən böyük faciələrindən biridir. Bu hadisə əsrin faciəsi və soyqırımı kimi tarixə düşüb. Erməni işğalçıları tərəfindən törədilən bu faciə xalqımızın yaddaşında dərin iz buraxıb və həmin yaralar hələ də sağalmayıb. Bu gün isə Xocalının yenidən qurulması, kəndlərinin bərpası və sakinlərin doğma yurdlarına qayıtması böyük tarixi nailiyyətdir. Hesab edirəm ki, bu proses davam etməli və bütün dünya Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda qısa müddət ərzində bərpa və quruculuq işləri apardığını, insanların doğma torpaqlarına qayıdışını təmin edildiyini görməlidir. Bu, bizim yanaşmamızdır, ədalətimizdir. Çünki Azərbaycan dünyada sülh, sabitlik, inkişaf və əməkdaşlıq tərəfdarıdır”.

 

Chosen
59
azertag.az

1Sources