EN

WUF13 Azərbaycanın uğurlarını dünyaya təqdim edəcək

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu da təsadüfi deyil. Xatırladaq ki, 2024-cü ildə respublikamızda BMT-nin ən böyük tədbiri olan iqlim konfransı - COP29 uğurla baş tutdu. Bu  il isə ölkəmizdə daha bir mötəbər beynəlxalq tədbir keçiriləcək. Belə ki, 17-22 may tarixində Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi nəzərdə tutulur. Dünyanın nəzərləri yenidən Azərbaycana yönələcək, müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə olunacaq.

Təşkilat Komitəsinin növbəti iclasında...

Yeri gəlmişkən, martın 4-də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, dövlətimizin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edildiyini vurğulayıb. O, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin şəhərsalma sahəsinə verilən əhəmiyyətin növbəti ifadəsi olduğunu bildirib. Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının rəhbərliyi ilə paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin ölkənin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd edib.

Samir Nuriyev Azərbaycanın qlobal şəhərsalma proseslərini diqqət mərkəzində saxlayan bir ölkə olaraq, bu sahədə innovativ yanaşmaları irəli sürdüyünü və onları praktiki müstəvidə uğurla tətbiq etdiyini diqqətə çatdırıb. Belə ki, öz miqyasına, əhatə dairəsinə və sürətinə görə qlobal səviyyədə nadir nümunələrdən biri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin bunun ən bariz təzahürü olduğunu söyləyib. Eyni zamanda, 2026-cı ilin may ayında Bakıda keçiriləcək və artıq böyük beynəlxalq marağa səbəb olan WUF13-ün Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı konseptual yanaşmanın, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən praktiki təcrübənin beynəlxalq müstəvidə təqdimatı üçün platforma olduğunu qeyd edib.

Daha sonra Təşkilat Komitəsinin üzvlərinin WUF13-ə hazırlıq prosesinin cari vəziyyəti, substantiv məsələlər, kommunikasiya və təşkilati-logistika istiqamətlərində görülmüş işlər, həmçinin gündəlikdə yer alan digər məsələlər barədə məruzələri dinlənilib. Təşkilat Komitəsinin sədri iclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən WUF13-ün yüksək səviyyədə təşkili ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsindən irəli gələrək, iclas iştirakçılarına bütün işlərin daha keyfiyyətli, vaxtında və kompleks yanaşma təmin edilməklə icrasına dair göstərişlər verib.

WUF13 qlobal platformadır

Qeyd edək ki, məzmununa və əhatə dairəsinə görə WUF13 BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir. Nəzərə alaq ki, qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas prioritetlərdən birinə çevrilib. Şəhərlər sürətlə böyüyür, lakin bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan öz inkişaf strategiyalarında şəhərsalmanı insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı şəkildə formalaşdırmağa xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib.

Ümumdünya Şəhərsalma Forumu yalnız coğrafi mövqe baxımından deyil, həm də urbanizasiya sahəsində qlobal transformasiyanın mərkəzi kimi strateji əhəmiyyət daşıyır. Forum dünyanın aparıcı şəhərsalma mütəxəssislərinin, siyasətçilərin, ekspertlərin bir araya gələcəyi universal platformaya çevriləcək və gələcək nəsillər üçün innovativ şəhər modellərinin müzakirə olunacağı mühüm dialoq məkanı rolunu oynayacaq.

Bakı bu mötəbər tədbirin ev sahibi olmaqla artıq formalaşmış şəhər inkişaf konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanacaq. 2019-cu ildə Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyasına və tematik forumuna ev sahibliyi edən Bakı şəhəri o dövrdə də beynəlxalq şəhərsalma mühitində böyük maraq doğurub. Həmin tədbir Azərbaycanın şəhərsalma və memarlıq sahəsində qlobal əməkdaşlığa verdiyi əhəmiyyətin ilkin təzahürlərindən biri olub.

Azərbaycan nümunəsi...

Son illərdə paytaxt Bakıda həyata keçirilən kompleks abadlıq, infrastruktur və yaşıllaşdırma proqramları Azərbaycanın şəhər planlaşdırılmasına dair uzunmüddətli baxışını əks etdirir. Yeni salınan parklar, bərpa olunmuş ictimai məkanlar və ekoloji baxımdan balanslaşdırılmış şəhər strukturu Bakını dayanıqlı və yaşamaq üçün daha əlverişli məkana çevirir. Bu təşəbbüslər həm də ölkənin WUF13 kimi nüfuzlu tədbirlərə əhəmiyyətli töhfə verməyə tam hazır olduğunu göstərir.

Forumun Bakıda keçirilməsi, eyni zamanda, Azərbaycanın son illərdə şəhərsalma və ərazi bərpası istiqamətində apardığı genişmiqyaslı işlərin beynəlxalq səviyyədə tanınmasına səbəb olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhər konsepsiyaları, xüsusilə də azad edilmiş ərazilərdə sıfırdan inşa olunan ağıllı və ekoloji məntəqələr Azərbaycanın bu sahədə regional lider kimi çıxış etdiyini göstərir.

Bu tədbir Azərbaycan üçün təkcə nailiyyətlərini sərgiləmək imkanı deyil, həm də gələcəkdə qlobal iqlim dəyişikliklərinə, şəhər mühitinin idarə edilməsinə və dayanıqlı inkişaf hədəflərinə cavab verəcək yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq baxımından əhəmiyyətli platforma olacaq.

Nardar BAYRAMLI

Chosen
114
28
yeniazerbaycan.com

10Sources