Diş müalicəsi zamanı yaranan güclü narahatlıq hissi tibdə dentofobiya adlanır.
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı stomatoloq Olqa Xarlamova "İzvestiya"ya danışıb.
Stomatoloqun sözlərinə görə, dentofobiya əsasən uşaqlıq dövründə əldə olunan mənfi təcrübələr və ya prosedurun gedişi barədə məlumatsızlıqdan yaranır. Xarlamova fobiyanın səbəblərini və ondan xilas olma yollarını da açıqlayıb.
Həkim bildirib ki, bor-maşının xoşagəlməz səsi, ağrı hissi və keçmişdə lokal keyitmə üsulunun zəif təsiri yaddaşa həkk olunan xatirələr yaradır və pasiyentlərdə müalicənin daim əziyyətli olacağı barədə yanlış fikir formalaşdırır. Eyni zamanda, bəzi insanlar həkimin hansı manipulyasiyaları edəcəyini bilmədikləri və vəziyyətə nəzarəti itirdikləri üçün güclü təşviş yaşayırlar.
Xarlamova əlavə edib ki, orta və yaşlı nəsil stomatoloji kabinetdə daha çox həyəcan keçirir, gənclər isə müasir tibbi texnologiyalar barədə məlumatlı olduqları üçün müalicəyə daha rahat və sakit yanaşırlar.
Həkim qorxunu dəf etmək üçün müalicədən əvvəl stomatoloqla söhbət etməyi, planlaşdırılan işləri müzakirə etməyi və ehtiyac yaranarsa, işi dayandırmaq üçün xüsusi işarə barədə razılaşmağı tövsiyə edir. O, viziti təxirə salmağın həm mövcud diş problemlərini, həm də daxili gərginliyi artıracağını qeyd edib.
Stomatoloq vurğulayıb ki, müasir üsullar sayəsində diş müalicəsi artıq daha komfortlu və tamamilə ağrısız həyata keçirilir. /oxu.az/