EN

Körfəz ölkələri İranın hücumlarını cavabsız qoymayacaqlar

Amerika Birləşmiş Ştatları və İsrailin İranla hərbi qarşıdurması kifayət qədər gərgin mərhələyə keçib. İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin və bir neçə yüksəkrütbəli hərbçilərin, o cümlədən siyasilərin hava hücumu nəticəsində qətlə yetirilməsinin ardınca doqquz Körfəz ölkəsi və həmin dövlətlərdə yerləşdirilmiş ABŞ-nin hərbi bazaları İran tərəfindən intensiv raket atəşinə məruz qalmaqdadır. Hücumlar sadəcə hərbi hədəflərlə məhdudlaşmır, həm də qlobal enerji təchizatı üçün həyati əhəmiyyət kəsb edən mülki və strateji infrastruktur obyektlərini də əhatə edir. 

İranın ballistik raket və dron zərbələri Səudiyyə Ərəbistanının "Ras Tanura" neft emalı zavoduna və Qətərin "Ras Laffan" sənaye zonasındakı enerji mərkəzlərinə ciddi zərər vurub. Qətərdə fövqəladə vəziyyət elan edilib və "Qatar Energy" dövlət şirkəti maye qaz istehsalını dayandırıb. Oman sahillərində mülki neft tankerlərinə zərbə endirilməsi beynəlxalq sularda təhlükəsizlik riski yaradıb və sığorta xərclərini kəskin artırıb. Birləşmiş Ərəb Əmirliyi kimi qlobal maliyyə habına çevrilmiş ölkənin də hədəf olması fond bazarlarının işinin dayanmasına yol açıb və xarici investorları bölgədən uzaqlaşdırıb. Dubayda ABŞ-nin konsulluq binası da İranın pilotsuz uçuş aparatının zərbəsindən yanaraq ciddi zərər görüb. 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərinin müşaviri general Ebrahim Cabari ölkəyə əlavə zərər vurulacağı təqdirdə İranın Yaxın Şərqin əsas iqtisadi mərkəzlərinə zərbə endirə biləcəyini bildirib: "Biz düşmənə dedik ki, əgər onlar bizim əsas obyektlərimizə zərər vurmağa cəhd etsələr, regionun bütün iqtisadi mərkəzlərini hədəfə alacağıq. Qoy bilsinlər ki, biz bunu edəcəyik". Tehran İsrailin Dimon şəhərindəki atom reaktorunu partlatmaqla hədələyib. Ekspertlər mülki obyektlərin qəsdən hədəf alınmasını beynəlxalq humanitar hüquq normalarının pozulması kimi qiymətləndiriblər. 

İranın Körfəz ölkələrinə hava hücumları mülki şəxslərin də zərər görməsinə səbəb olub. Küveytə dron hücumu zamanı 11 yaşlı qız həyatını itirib. Küveyt Səhiyyə Nazirliyinin məlumatına görə, ağır qəlpə yaraları almış uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İrandan atılan ballistik raketin İsraildə Beyt-Şemeşə düşməsi nəticəsində xəsarət alanların sayı 20 nəfəri ötüb. Xəsarət alanlardan bir qız uşağının vəziyyətinin ağır olduğu deyilir. 

Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı da daxil olmaqla, Körfəz ölkələri İranın hücumlarına cavab verməyə hazır olduqlarını açıqlayıblar. Bu barədə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv dövlətlərin xarici işlər nazirlərinin birgə iclasından sonra yayılan rəsmi bəyanatda qeyd olunub. Bəyanatda bildirilib ki, Nazirlər Şurası İranın quruma üzv dövlətlərinə qarşı əsassız təcavüzü nəzərə alınmaqla, cavab tədbirləri hüququ da daxil olmaqla, öz təhlükəsizliklərini qorumaq üçün bütün zəruri tədbirləri görəcəklərini bir daha təsdiqləyib. Həmçinin qeyd olunub ki, Körfəz bölgəsində sabitlik yalnız regional məsələ deyil, qlobal iqtisadi sabitliyin fundamental əsaslarından biridir. 

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi də İranın Körfəz ölkələrinə hücumlarını pisləyib: "İranın Körfəz Əməkdaşlıq Şurası ölkələrinə qarşı davam edən xain və qorxaq hücumları mülki obyektləri, diplomatik nümayəndəlikləri hədəf alır və bu ölkənin şura dövlətlərinə qarşı şər niyyətlərinin bariz sübutudur". Körfəz dövlətləri Tehranın addımlarını qınamaqla kifayətlənməyərək, beynəlxalq hüquq normaları çərçivəsində fərdi və birgə müdafiə imkanlarından istifadə edə biləcəklərini diqqətə çatdırıblar.

Narahatlıq doğuran məqamlardan biri İrandan atılan raketlərin Türkiyənin hava məkanını pozmasıdır. Məlum olduğu kimi, martın 4-də İrandan buraxılan, İraq və Suriya hava məkanını keçərək Türkiyəyə istiqamətlənən ballistik raket Aralıq dənizinin Şərqində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb ki, İrandan buraxılan ballistik raket vaxtında sıradan çıxarılıb: "Hatay vilayətinə düşən sursat parçası heç bir təhlükə yaratmayıb. Türkiyə regionda sabitlik və sülh tərəfdarı olmaqla yanaşı, haradan və kimdən gəlməsindən asılı olmayaraq, öz ərazisinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir". 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oxşar hadisələrin bir daha baş verməməsi üçün İrana xəbərdarlıq edildiyini bildirib. Ərdoğan regionda baş verən hadisələrə qarşı Türkiyənin lazımi tədbirləri gördüyünü deyib: "Regionumuzun üzləşdiyi bu çətin günlərdə sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyi məsələsində işi əsla şansa buraxmırıq. Bu səhər baş verən hadisədə olduğu kimi, NATO müttəfiqlərimizlə birlikdə zəruri tədbirləri görürük və dərhal lazımi müdaxiləni edirik. Oxşar hadisələrin bir daha təkrarlanmaması üçün xəbərdarlıqlarımızı da ən aydın və qəti şəkildə çatdırırıq". Xarici işlər naziri Hakan Fidan Türkiyə hava məkanında zərərsizləşdirilən raketlə bağlı İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon əlaqəsi saxlayıb və Ankaranın reaksiyasını Əraqçiyə çatdırıb. H.Fidan münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyin zəruri olduğunu bildirib.

NATO da İrandan Türkiyə istiqamətinə raket atılmasını pisləyib. Hərbi Alyansın sözçüsü Allison Hart deyib ki, İranın regionda fərq qoymadan həyata keçirdiyi hücumlar fonunda NATO Türkiyə də daxil olmaqla müttəfiqlərini qətiyyətlə dəstəkləyir. ABŞ Dövlət katibi Marko Rubio da NATO müttəfiqi olan Türkiyənin suverenliyinə edilən hücumların qəbuledilməz olduğunu bildirib və Ankaraya dəstək ifadə edib. 

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

1Sources