Nevada səhrasının səssiz coğrafiyası, göydən baxıldığında ortaya çıxan sirli geometrik formalarla komplo nəzəriyyəçilərinin diqqətini çəkib.
Hit.az xəbər verir ki, "Google Earth" istifadəçilərinin Battle Mountain yaxınlığında aşkar etdiyi demək olar ki, mükəmməl bərabərtərəfli üçbucaq forması qısa müddətdə sosial mediada yayılıb.
Bu görüntünün "itmiş bir qədim sivilizasiyanın piramidası" və ya "qalaktikalararası xəbərdarlıq işarəsi" olduğu iddiaları irəli sürülüb. Ətrafındakı kəskin dağ silsilələri və dərin vadilərlə əhatə olunan struktur, yuxarıdan baxıldığında o qədər simmetrik görünür ki, bir çox insan bunun təbii hadisələrlə açıqlana bilməyəcək qədər insan əli ilə yaradıldığını düşünür.
Lakin bu cür sirli görünüşlərin arxasında adətən daha dünyavi və texniki bir tarix dayanır. Məsələni realist yanaşan aviasiya həvəskarları bildirirlər ki, bu üçbucaq əslində 1930–1940-cı illərdən qalmış köhnə bir hava limanı qalıqlarıdır. "Buffalo Valley Ara İstasyonu" kimi tanınan bu struktur, erkən dövrlərdə hava marşrutları üzərində təcili enişlər və poçt uçuşları üçün nəzərdə tutulmuş üçbucaq formalı pistlərdən yalnız biridir. O illərdə təyyarələrin hər istiqamətdən küləyə qarşı təhlükəsiz eniş edə bilməsi üçün bu tip üçbucaq dizaynlar üstünlük təşkil edirdi. Zamanla baxımsız qalan və qumlar altında itən bu pistlər peyk görüntülərində solğun izlər kimi qalmış, bugünün internet istifadəçiləri üçün bir tapmaca halına gəlmişdir.
51-ci bölgədəki nəhəng qüllə və radarın görünməzliyi
Nevadadakı tək sirli üçbucaq bu deyil; keçən il dünyanın ən gizli hərbi bölgələrindən biri olan 51-ci Bölgə sərhədlərində başqa bir struktur diqqət çəkdi. Reddit və Facebook kimi platformalarda paylaşılan koordinatlar, nəhəng binaların və pistlərin yanında yüksələn, ətrafında maraqlı torpaq yığınları olan bir qülləni göstərir. Bəzi istifadəçilər bu qülləni "yadplanet texnologiyası" və ya "nəhəng günəş saatı" adlandırsa da, əslində bu, ABŞ ordusunun gizli testləri üçün nəzərdə tutulub.
Hərbi mütəxəssislər bildirirlər ki, hündürlüyü təxminən 45–60 metr olan bu qüllə, təyyarələrin radar tərəfindən nə qədər görünür olduğunu ölçən "Radar Kəsit Sahəsi" (RCS) testləri üçün istifadə olunur. Tam ölçülü təyyarə modelləri və ya prototiplər bu qüllələr üzərinə yerləşdirilir və radar siqnallarına verdikləri reaksiyalar ölçülür. ABŞ hökuməti bu bölgədəki mövcudluğunu yalnız 2013-cü ildə rəsmi olaraq təsdiqləmiş olsa da, təsisatın artıq iyirmi ildən çoxdur orada olduğu məlumdur.
Hökumətin hərbi layihələr ətrafında yüksək səviyyədə gizlilik siyasəti davam etdiyi müddətdə, Nevada səhrasındakı hər kölgə və geometrik forma yeni bir hekayənin mənbəyi olmağa davam edəcək kimi görünür.
Samir