“Martın 5-də Azərbaycan Respublikasının ərazisinə qarşı İran İslam Respublikası tərəfindən həyata keçirilən dron hücumları qətiyyətlə pislənilməlidir. Bu hadisə regionda sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn və dövlətlərin ərazi bütövlüyü prinsipinin açıq şəkildə pozulmasıdır”.
Bu fikirləri saytımıza ADTGT İctimai Birliyinin sədri, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib. YAP rəsmisi deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi dövlətimizin məsələyə nə qədər ciddi yanaşdığını göstərir:
“Naxçıvan Beynəlxalq Hava Limanının, onun terminal binasının, eləcə də məktəb və digər mülki obyektlərin namərd atəşə tutulması xüsusilə narahatedicidir. Mülki infrastruktura qarşı belə hücumların həyata keçirilməsi qəbuledilməzdir və bunu törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Azərbaycan dövləti hər zaman regionda sabitliyin, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin tərəfdarı olub. Lakin dövlətimizin təhlükəsizliyi və vətəndaşlarımızın həyatı məsələsində heç bir güzəşt ola bilməz. Bu baxımdan Azərbaycan tərəfinin İran rəsmilərindən rəsmi izahat tələb etməsi, baş vermiş hadisəyə görə üzr istənilməsini və bu terror aktını törədən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etməsi tamamilə haqlı və əsaslı mövqedir”.
Onun fikrincə, regionda gərginliyin artmasına səbəb ola biləcək belə addımlar qəbuledilməzdir:
“İran tərəfi baş vermiş hadisəyə aydınlıq gətirməli, məsul şəxslər müəyyənləşdirilməli və cəzalandırılmalıdır. Bu, həm də gələcəkdə oxşar təxribatların qarşısının alınması baxımından vacibdir. Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır. Eyni zamanda beynəlxalq ictimaiyyət də mülki obyektlərə qarşı həyata keçirilən bu kimi hücumlara prinsipial münasibət bildirməli, terror və təxribat xarakterli addımları qətiyyətlə pisləməlidir. Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarı olaraq qalır. Lakin ölkəmizə qarşı yönəlmiş hər hansı təhlükə və ya təhdidə qarşı qətiyyətli mövqe nümayiş etdirilməsi dövlətimizin dəyişməz prinsipidir”.
“Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri, ictimai xadim Muğan Əliyev Naxçıvan hava limanının raket və ya PUA atəşinə tutulmasının yolverilməz olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin dost və mehriban qonşuluq münasibətlərinə baxmayaraq, İran tərəfindən belə bir addımın atılması qəbuledilməzdir. Tarix dəfələrlə sübut edib ki, qonşularına qarşı xainlik edən rejimlər sonda Ermənistan kimi məğlubiyyətlə üzləşirlər. Görünür, bu rejim də həmin yolun sonuna doğru sürətlə irəliləyir.
“İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisinə dron zərbəsi endirməsi molla rejiminin əsl simasını – nankorluq və riyakarlığını bir daha ortaya qoydu. Azərbaycan hər zaman qonşuluq və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb, heç vaxt İran və digər ölkələr üçün təhlükə mənbəyi olmayıb. Buna baxmayaraq, mülki infrastrukturu və insanların istifadə etdiyi hava limanını hədəf almaq dinc sakinlərə qarşı terror və acizlik göstəricisidir. İslam dəyərlərindən uzaq düşmüş molla rejimi bu münasibətləri nəinki qiymətləndirə bilmədi, əksinə təxribatçı addım atdı. Bu isə onu göstərir ki, İrandakı rejim və bəzi silahlı qruplar təxribatçı hərəkətləri ilə özlərinə zərər vururlar. İranın rəsmi strukturları baş verən hadisəyə aydınlıq gətirməli, günahkar şəxslər layiqli cəza almalıdır".
Onun sözlərinə görə, Azərbaycan hər zaman sivil qonşuluq prinsiplərinə və diplomatik etiketlərə riayət edib. Ölkəmizin ərazisindən heç vaxt İrana və ya başqa dövlətlərə qarşı hər hansı hərbi müdaxiləyə imkan verilməyib. Buna baxmayaraq, Naxçıvana dron hücumu Azərbaycana qarşı terror aktı kimi qiymətləndirilməlidir:
"Azərbaycan tərəfi bütün təxribatların qarşısını almağa hazırdır və vətənpərvər gənclər hər zaman dövlətimizin və Ali Baş Komandanın çağırışına hazırdır. O qeyd edib ki, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı qəsd və düşmənçilik siyasəti bağışlanmazdır. Azərbaycan xalqı hər zaman dövlətinin və Ordusunun yanındadır və Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda daim hazırdır".
Ekspert Emin Həsənli bildirib ki, Naxçıvana dronla zərbə endirilməsi İranın nankorluğunun göstəricisidir. Azərbaycan heç zaman öz ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə imkan verməmişdir, o cümlədən də İrana qarşı heç bir zaman Azərbaycan ərazisindən istifadə edilməmişdir:
“İranın Ali Dini Liderinin vəfatı ilə bağlı rəsmi Bakı başsağlığı verdi. Azərbaycan Prezidenti İranın səfiriyyəndə olaraq öz başsdağlığını şəxsən çatdırdı. Eyni zamanda Azərbaycan İranda yaranmış situasiya ilə əlaqədar humanitar yardım etməyə hazırlaşırdı. Belə bir məqamda İranın bu addımı ancaq nankörluqdur və bağışlanmazdır. İran qısa bir müddətdə üzr istəməlidir. Baş vermiş insidentlə bağlı qısa bir müddətdə aydınlıq gətirməlidir. Əks təqdirdə bunun cavabını alacaqdır. İran bir şey bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir. Öz ərazi bütövlüyünü və vətəndaşların təhlükəsizliyini qoruyacaqdır”.
Hərbi ekspert tarixi yada salaraq İranın bu cür xəyanətinin ilk olmadığını da bildirib:
“İran 30 ildən artıq o, Ermənistanın yanında olub, Ermənistanı dəstəkləyib, silahlandırıb. Amma Azərbaycan hər zaman çalışıb ki, qonşularla normal münasibət yaratsın”.
Pərvanə Fərhadqızı