EN

Molla rejimi təxribatlarına görə cavab alacaq - Nəsib Məhəməliyev

"İranın Naxçıvana hücumu təxribatdır. Bu hücumu qəti şəkildə pisləyirəm".

Bu fikirləri e-huquq.az-a açıqlmasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib: "Bu hücum bir daha göstərir ki, İranda molla rejimi hələ də dostunu düşmənindən ayıra bilmir. İran Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi humanitar jesti lazımi şəkildə qiymətləndirməyib. İran Azərbaycanda və regionda təhlükəsizliyin təmin edilməsində maraqlı deyil. Bu ölkənin daxili və xarici siyasətini anlamaq mümkün deyil . Azərbaycan XİN beynəlxalq hüquqa əsaslanaraq İranın Azərbaycandakı səfirini çağırdı və nota təqdim etdi. Nota bir növ xəbərdarlıqdır. Əgər İran təxribatlara yol verərsə və ikinci dəfə Azərbaycan ərazisinə hücum edərsə, adekvat cavab mütləq olacaq"

N.Məhəməliyev, həmçinin xatırladıb ki, Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanıb və bəyannamədə qarşılıqlı hərbi dəstək nəzərdə tutulub: "Azərbaycanla Türkiyə Şuşa bəyannaməsi imzalayıb. Orada qarşılıqlı hərbi dəstəklə bağlı xüsusi bənd var. Hesab edirəm ki, molla rejimi yenidən təxribata əl atarsa, layiqli cavabını alacaq. Bu hücumu təsadüf hesab etmirəm. Bir gün əvvəl SEPAH generallarından biri açıq şəkildə həm Azərbaycanı, həm də Türkiyəni hədələyirdi. Televiziya kanalı qarşısında belə bir şantajla çıxış etmək, Azərbaycan və Türkiyəni günahlandırmaq cəfəngiyyatdan başqa bir şey deyil. Dünən Türkiyənin hava məkanında İrana məxsus raket vurulub, bu gün isə Azərbaycanın heç bir hərbi obyekti olmayan, İran təhlükəsizliyinə təhdid yaratmayan Naxçıvan Hava Limanı və mülki şəxslərin olduğu ərazilər hücuma məruz qalıb. Bu bütün əndazəni aşmaq deməkdir. Bu rejim son günlərini yaşayır. İstəməzdim ki, 30 milyondan çox soydaşımızın yaşadığı bir ölkədə belə düşməncəsinə addım atılsın. Azərbaycan bu təxribatların qarşısını ala biləcək qədər güclü dövlətdir".

Chosen
26
2
sabahinfo.az

3Sources