London, 5 mart, AZƏRTAC
Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiprə səfər edib. Səfər Böyük Britaniyanın Kiprdəki hərbi bazasına pilotsuz uçuş aparatı ilə edilən hücuma rəsmi Londonun reaksiyasının tənqid olunmasından sonra reallaşdırılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Kiprin müdafiə naziri ilə görüşdən sonra Con Hili bildirib ki, Böyük Britaniya ilə Kipr arasında uzunmüddətli dostluq İranın təhdidləri fonunda güclü olaraq qalır.
Müdafiə naziri bu həftənin əvvəlində açıqlamasında qeyd edib ki, “RAF Akrotiri” bazasına düşən pilotsuz uçuş aparatı az zərər vurub, hadisə nəticəsində xəsarət alan olmayıb. Baza istiqamətində hərəkət edən digər dronlar zərərsizləşdirilib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi isə təhlükəsizliklə əlaqədar hərbi bazada yaşayan bəzi hərbçi ailələrini müvəqqəti olaraq başqa yaşayış yerlərinə köçürüb.
AZƏRTAC-ın xüsusi müxbiri
London