Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, diplomatiyada elə qərarlar olur, onlar bəzən çoxmənalı ismarıclarla müşayiət olunur. Yeni səfir Dunkan Norman ilkin açıqlamasında vurğuladığı kimi, London Bakı ilə tərəfdaşlığı dərinləşdirməyə üstünlük verir, başqa sözlə, öncəlik tanıyır. Bu, təsadüfi sayılmamalıdır, əlbəttə. Çünki enerji təhlükəsizliyi, daşımaçılıq dəhlizləri, bölgəsəl sabitlik və yaşıl enerji kimi sahələrdə Azərbaycan artıq Avropa üçün strateji tərəfdaş statusunu möhkəmləndirib. Bax, bu fonda ABŞ-nin Azərbaycandakı səfir postunun uzun müddətdir boş qalması istər-istəməz suallar doğurur. Özəlliklə də Donald Trampın hakimiyyətə qayıdışından sonra - iki ilə yaxın müddətdə -təyinatın rəsmiləşməməsi Vaşinqtonun diplomatik ritminin müəyyən qədər ləng getdiyini göstərmiş ola bilər. Lakin diplomatiyanın təcrübəsi onu da göstərir ki, səfir postunun müvəqqəti boş qalması hər zaman münasibətlərin zəifləməsi anlamına gəlmir. Bəzən böyük dövlətlərdə iç siyasi prosedurlar, məsələn, Senatda təsdiq, administrativ prioritetlər və s.-lər bu cür gecikmələrə səbəb olur.
"Bununla belə, Azərbaycanın bölgədəki mövqeyi elə bir mərhələyə çatıb ki, ABŞ-nin bu məsələni daha uzun müddətə təxirə salması, əlbəttə, real görünmür. Azərbaycan artıq Güney Qafqaz ölkəsi olmaqdan irəli, Avrasiya enerji xəritəsinin əsas oyunçularından biri, Orta Dəhlizin strateji qovşağı və Gündoğarla Günbatar arasında yeni geoiqtisadi körpülərin qurulduğu məkandır. Bu gerçəklik ABŞ diplomatiyasının da diqqətindən qıraqda qala bilməz. Əslində, Vaşinqton üçün Bakıdakı səfir postu sadəcə diplomatik vəzifə kimi yorumlanmamalıdır - bu, belə demək mümkünsə, bölgədəki prosesləri daha dərindən anlamaq üçün önəmli postdur. Ona görə də ABŞ administrasiyasının bu boşluğu mümkün olan ən yaxın zaman içində dolduracağını söyləsək qüsur olmaz. Söhbət yalnız ikitərəfli münasibətlərdən getmir; eləcə də, enerji təhlükəsizliyi, daşımaçılıq marşrutları və bölgəsəl sabitlik kimi məsələlər də bu təyinatın gecikməsini strateji baxımdan arzuolunmaz edir", - deyə Ə. Qoşalı qeyd edib.
Ekspert əlavə edib ki, tarixin ritmi gec də olsa öz yerini tapır. Ölkəmiz isə artıq elə bir mərhələdədir ki, böyük güclər bizimlə münasibətlərdə boşluq saxlamamağın daha doğru seçim olduğunu anlayır.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova