"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin reallaşdırdığı layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Azərbaycanın enerji strategiyası qlobal müstəvidə böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sözügedən iclaslarda iştirak etməsi və çıxışı qlobal enerji ailəsinə böyük bir ehtiramın, hörmətin nümunəsi kimi qarşılanmaqla, tədbirin xüsusi yüksək statusunu artırır. Hər iki tədbirə Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Bu fakt dünyanın enerji sənayesi sahəsində mövcud reallıqların müzakirəsində Bakının mərkəzi coğrafiya olmasını təsdiqləyir:"Azərbaycan hazırda neft resursları ilə yanaşı, qaz tədarükü sayəsində Avropanın və digər region ölkələrinin etibarlı tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi layihəsi isə Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynamasını təmin edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31