Yaz mövsümünün gəlişi ilə bir çox insan evdə ümumi yığışdırmaya başlayır. AzPost xəbər verir ki, şkafların dərinliyində illər əvvəl alınmış, lakin bu gün artıq aktuallığını itirmiş idman vasitələri də üzə çıxır.
Məlumata görə, mədəniyyət tarixçisi və “Fit Nation: The Gains and Pains of America’s Exercise Obsession” kitabının müəllifi Natalya Melman Petrzela keçmişdə populyar olan, lakin bu gün səmərəsiz sayılan bir neçə qurğunu sadalayıb.
Bir vaxtlar xüsusi “fitnes sandaleti” geniş yayılmışdı. Xüsusilə Dr. Scholl’s markasının məhsulları yeriyərkən artıq çəkinin azalmasına kömək edəcəyi vəd edilirdi. Mütəxəssislər isə bildirirlər ki, bu gün əsas seçim rahat və dayanıqlı idman ayaqqabıları olmalıdır. Onlar birbaşa çəki azaltmasa da, hərəkəti rahatlaşdıraraq daha çox yeriməyə həvəsləndirir.
Digər məşhur vasitə “sauna geyimi” idi. Bu geyimlərlə məşq edənlər daha çox tərləyərək çəki itirdiklərini düşünürdülər. Əslində isə bu, yalnız bədəndə su itkisinə səbəb olur, hətta həddindən artıq qızma və susuzlaşma riski yaradırdı. Müasir yanaşmada isə əzələləri elektrik siqnalları ilə hərəkətə gətirən geyimlərdən istifadə olunur.
1990-cı illərdə bud nahiyəsi üçün nəzərdə tutulmuş ThighMaster qurğusu da geniş tanınmışdı. Bu vasitə ev şəraitində məşq etməyə imkan verirdi. Hazırda isə eyni hərəkətləri elastik rezin lentlərlə yerinə yetirmək daha rahat və əlverişli sayılır.
Bir dövr az kalorili “WOW chips” çipsləri də böyük maraq doğurmuşdu. Məhsulun tərkibində yağ əvəzedicisi kimi istifadə olunan maddə sonradan bir sıra xoşagəlməz təsirlərə səbəb olmuşdu. Bu gün isə istehsalçılar daha keyfiyyətli tərkibə malik qəlyanaltılar təklif edirlər.
2000-ci illərdə geniş reklam edilən Shake Weight titrəməli qantellər də sürətli nəticə vədi ilə satılırdı. Mütəxəssislər hazırda klassik qantellərə üstünlük verilməsini tövsiyə edirlər. Onların fikrincə, əsas uğur möcüzəli qurğularda deyil, müntəzəm hərəkətdə, düzgün qidalanmada və keyfiyyətli idman ləvazimatında gizlidir.